Azərbaycanda qızıl hasil edən şirkətin yaxın 1,5 il üçün proqnozları optimistdir

Azərbaycanda qızıl hasil edən şirkətin yaxın 1,5 il üçün proqnozları optimistdir Londonda "Anglo Asian Mining" şirkətinin illik toplantısı keçirilib
Sənaye
30 İyun , 2017 15:37
Azərbaycanda qızıl hasil edən şirkətin yaxın 1,5 il üçün proqnozları optimistdir

Bakı. 30 iyun. REPORT.AZ/ Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan “Anglo Asian Mining” şirkətinin bu gün Londonda illik yığıncağı keçirilib.

“Report” şirkətə istinadən xəbər verir ki, yığıncaqda şirkətin baş icraçı direktoru Reza Vəziri 2016-cı ildə mənfəətə dönüşdən məmnunluğunu ifadə edib. O qeyd edib ki, 2016-cı ildə şirkətin gəlirləri cüzi artaraq 79 mln. dollara çatıb: “Ötən il bir unsiya qızıl hasilatı üçün xərclər 2015-ci ildəki 858 dollardan 616 dollara düşüb. Bunun nəticəsində, şirkət vergidən öncə rekord miqdarda - 6,8 mln. dollar mənfəət əldə edib".

O qeyd edib ki, ötən ilin sonuna şirkətin borcu 14 mln. dollar azalaraq 35 mln. dollar təşkil edib.

R.Vəziri hasilat göstəricilərindən də danışaraq xatırladıb ki, 2016-cı ildə mis hasilatı əvvəlki illə müqayisədə 2 dəfə  artaraq 1 941 tona, gümüş hasilatı isə 5,8 dəfə artaraq 165 131 unsiyaya çatıb: “Ötən il 65 394 unsiya qızıl hasil edilib. Bir unsiya qızıl hasilatı üçün xərclər 616 dollar təşkil edib. Ötən il qızıl hər unsiyası orta hesabla 1 253 dollara satılıb. Bu mükəmməl maliyyə və hasilat göstəriciləri davamlılıq və xərclərin azaldılması üzrə uzunmüddətli planın uğurunu əks etdirir. Bu il üçün bu stategiyanın əsas elementləri açıq yataq (“Gədəbəy”) və “Qadir” yeratlı mədənindən hasilat və kəşfiyyat işlərini davam etdirmək, eyni zamanda yeni kəşf edilən “Uğur” qızıl yatağından hasilata başlamaqdır. Biz zavodlarda yeni konfiqurasiyanı nəzərdən keçiririk ki, bu da emal porsesində əlavə rahatlıq yaradacaq. 2017-ci ildə Gədəbəy rayonunda 64-72 min unsiya qızıl ekvivalentində hasilat proqnozlaşdırdığımızı elan etmişik”.

Şirkət rəhbəri bu ilin qalan hissəsi və 2018-ci il üçün optimist olduqlarını da qeyd edib.

Son xəbərlər

Orphus sistemi