Yuxarı

Azərbaycanda Karbamid Zavodunun inşası üçün dövlət zəmanətli kreditin alınması ilə bağlı danışıqlar bu ilin ortalarında başa çatacaq - YENİLƏNİB

Koreya Eximbankı ilə danışıqlar aprelin sonu-mayın əvvəlində başlayacaq

İlk xəbər saat 13:35-də verilib

Bakı. 12 aprel. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCARSumqayıt şəhərində həyata keçirdiyi Karbamid Zavodunun inşası layihəsinin maliyyələşdirilməsinə dövlət zəmanətli, uzunmüddətli kreditin cəlb edilməsi üçün Koreya "Eximbank"ı danışıqlar aprelin sonu-mayın əvvəlində başlamalıdır. "Report" xəbər verir ki, bunu Karbamid Zavodunun direktoru Xəyal Cəfərov bildirib.

X.Cəfərov qeyd edib ki, yaxın iki həftə ərzində Koreya "Eximbank"ının nümayəndələrinin Azərbaycana səfəri gözlənilir.

"Bundan sonra danışıqlara başlamağı planlaşdırırıq. Rəsmi dövlət zəmanətinin alınması üçün də müraciət olunub. Prosesin 3-4 ay davam etməsi nəzərdə tutulur və təxminən bu ilin ortalarına layihənin maliyyələşməsini tamamlamaq üçün dövlət zəmanəti və vəsait əldə olunacaq", - deyə müəssisə rəhbəri əlavə edib.

***

Hansı məbləğdə kreditin cəlb olunmasına gəlincə isə zavodun direktoru qeyd edib ki, hələ ümumi xərclər tam dəqiqləşməyib.

"Samsung Engineering" şirkəti ilə imzlanan layihələndirmə, satınalma və tikinti müqaviləsi üzrə işlərin dəyəri 498 mln. avro təşkil edir. İlkin olaraq Koreya "Eximbank"ından 150 mln. avro məbləğində vəsait götürülüb. Həmin vəsait, müvafiq vergilər, layihənin tikinti işləri, kənar infrastruktur işləri (qaz kəmərləri, su kəmərləri) nəzərə alınmaqla, təxminən layihənin ümumi qiymətinin 910-920 mln. avroya başa gələcəyi hesablanır. Bu məbləğdən də təxminən 200 mln. avroya qədəri müvafiq vergilərə hesablanır. Bunlar təxmini qiymətləndirmədir. Zavodun isehsalat sahəsi üçün mühəndislik işləri tamamlanıb, böyük qaz kəmərləri, su kəmərləri üçün layihələndirmə işləri aparılır. Onların dəqiq xərci müvafiq dəhlizlərdən asılı olacaq", - deyə X.Cəfərov qeyd edib.

Direktor həmçinin işlərin qrafiklə aparıldığını əlavə edib. X.Cəfərov mexaniki tamamlama işlərindən sonra sazlama işlərinə və istismara buraxılma işlərinə başlanacağını bildirib. Onun sözlərinə görə, bu işlər təxminən 3-4 ay davam edəcək və 2018-ci ilin əvvəlinə zavodun istismara verilməsi gözlənilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi