Bakı. 10 iyul. REPORT.AZ/ "Dünyanın bütün ölkələrində Azərbaycanın xalçalarına təlabat var".
"Report" xəbər verir ki, bunu Bakıda xalçaçılığın inkişafına həsr edilmiş elmi-praktiki konfransda "Azərxalça" ASC-nin İdarə Heyətinin sədri Vidadi Muradov bildirib.
Onun sözlərinə görə, bu ilin sonuna qədər Azərbaycandan Yaponiyaya xalça ixracı ilə bağlı müqavilə imzalanacaq: "Onlara nümunələr göndərmişik".
V.Muradov həmçinin qeyd edib ki, gələn il ölkədə 10 xalça fabrikinin tikilməsi nəzərdə tutulur: "Bununla da bu tipli fabriklərin sayı 30-a çatacaq. Həmçinin regionlarda yun tədarükü məntəqələri də tikilir".
"Azərxalça"nın sədri ötən ilin dekabr ayında Sumqayıt Kimya Sənaye Parkında Yunəyrici Boyaq Fabrikinin təməlinin qoyulduğunu xatırladıb və əlavə edib ki, tikinti işlərinin 2019-cu ildə başa çatdırılması planlaşdırılır: "Fabrikdə yerli xammal əsasında iplik istehsal ediləcək. Müəssisəni xammalla təmin etmək məqsədilə 5 yun və boyaq maddələri tədarükü məntəqəsinin tikintisi aparılır və tikinti işləri ilin sonunadək yekunlaşacaq".