Bu ilin I rübündə Azərbaycandakı sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar 10,6 milyard manatlıq və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 0,8 % çox sənaye məhsulu istehsal edib.
“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, eyni dövrdə sənayenin qeyri neft-qaz sektorunda məhsul istehsalı 23% artıb.
Belə ki, sənaye məhsulunun 65,5%-i mədənçıxarma sektorunda, 28,4%-i emal sektorunda, 5,4%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,7%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.
Məlumata görə, mədənçıxarma sektorunda neft hasilatı 3,9% azalmış, əmtəəlik qaz hasilatı isə 15,3% artıb.
Emal sektorunda avtomobil, qoşqu və yarımqoşquların istehsalı 7,3 dəfə, kompüter, elektron və optik məhsulların istehsalı 3,9 dəfə, metallurgiya sənayesi məhsullarının istehsalı 2,1 dəfə, içkilərin istehsalı 2,1 dəfə, sair nəqliyyat vasitələrinin istehsalı 66,7%, əczaçılıq məhsullarının istehsalı 36,7%, ağacın emalı və ağacdan məmulatların istehsalı 28%, tütün məmulatlarının istehsalı 28%, kimya sənayesi məhsullarının istehsalı 25,7%, rezin və plastik kütlə məmulatlarının istehsalı 25%, poliqrafiya məhsullarının istehsalı 20,2%, kağız və karton istehsalı 20,2%, elektrik avadanlıqlarının istehsalı 18,3%, mebel istehsalı 14,1%, toxuculuq sənayesi məhsullarının istehsalı 10,5%, geyim istehsalı 10%, neft məhsullarının istehsalı 9,6%, qida məhsullarının istehsalı 5,3%, hazır metal məmulatlarının istehsalı 2,7% artıb, tikinti materiallarının istehsalı 14,8%, maşın və avadanlıqların istehsalı 16%, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 20,7%, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 60,7% azalıb.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 17,1%, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 4,2% artıb.