Bakı. 15 iyun. REPORT.AZ/ Azərbaycanın "Gədəbəy" qızıl mədənində ilk dəfə olaraq şaxta tunellərdən istifadə olunur. "Report" un məlumatına görə, 7 ildir fəaliyyətini Gədəbəydə davam etdirən "Azerbaijan International Mining Company" konsorsiumu ərazidə qızıl və mis yataqlarının işlənməsini genişləndirmək niyyətindədir.
Konsorsium Azərbaycanın ilk metal mədəninə çevrilən zavodda 3-cü istehsal sahəsini yaratmaqdadır. Qeyd edək ki, 51%-i Azərbaycan hökuməti, 49%-i "Anglo-Asian Mining Ltd." şirkətinin sahibi olduğu Gədəbəy Qızıl Mədəni 400 hektar ərazini əhatə edir. Burada 500-ə yaxın insan çalışır, mədən ötən il 60 min unsiya qızılı dünya bazarına Azərbaycan brendi ilə satışa çıxarıb.
Bu il istehsal gücünü artırmaq niyyətində olan zavod dağlarda geoloji kəşfiyyat işlərini aparmaqla yanaşı, qızıl və mislə zəngin olan filizin əldə olunması üçün mağara şaxtalarından istifadə edir. İlkin olaraq 1 km dərinliyi və 800 metr uzunluğu olan şaxtadan bu günə qədər 200 ton filiz çıxarılaraq emal olunub.