ABŞ şirkəti Sumqayıt Kimya Sənaye Parkında karbon nanoborular istehsal edəcək

ABŞ şirkəti Sumqayıt Kimya Sənaye Parkında karbon nanoborular istehsal edəcək Bununla bağlı bu gün Bakıda üçtərəfli anlaşma memorandumu imzalanıb
Sənaye
15 Dekabr , 2014 18:03
ABŞ şirkəti Sumqayıt Kimya Sənaye Parkında karbon nanoborular istehsal edəcək

Bakı. 15 dekabr. REPORT.AZ/ Bu gün Bakıda Azərbaycan İnvestisiya Şirkəti, Sumqayıt Kimya Sənaye Parkı və "South-West NanoTechnologies" (SWeNT, ABŞ) şirkəti arasında üçtərəfli Anlaşma Memorandumu imzalanıb.

“Report”un İqtisadiyyat və Sənaye Nazirliyinə istinadən verdiyi xəbərə görə, memoranduma əsasən, AİŞ və SWeNT Sumqayıt Kimya Sənaye Parkının ərazisində karbon nanoboruların (KNB) istehsalının təşkili sahəsində əməkdaşlıq edəcək. İlkin olaraq ildə 1 000 ton KNB-nin istehsalı gözlənilir.

KNB ən kəskin şəraitdə belə yüksək davamlılığı ilə seçilən və bir çox məqsədlər üçün istifadə olunan karbon tərkibli (qrafen) boru şəkilli nano materialdır. Hazırda KNB-dən plastik material və qarışıqlar, tikinti materialları, elektronika, sensor, tranzistor, batareya və s. istehsalında istifadə edilir və ən möhkəm material hesab edilir. KNB silisimdən (silikon) daha yaxşı yarımkeçiricilik və misdən daha yaxşı keçiricilik xüsusiyyətlərinə malikdir.

Qeyd edək ki, Azərbaycan İnvestisiya Şirkəti ölkə prezidentinin 30 mart 2006-cı il tarixli sərəncamı ilə ölkədə qeyri-neft sektorunun inkişafına dəstək mexanizmi olaraq yaradılıb. AİŞ tərəfindən ölkədə qabaqcıl texnologiyalara əsaslanan, yüksək rəqabətqabiliyyətli və ixrac potensiallı məhsulların istehsalını nəzərdə tutan layihələrə müddətli sərmayə yatırılır. Hazırda AİŞ-in investisiya portfelinə daxil olan layihələrin ümumi dəyəri təqribən 1,1 mlrd. ABŞ dolları təşkil edir. AİŞ-in bilavasitə iştirakı ilə bu layihələrə 450 mln. dollardan çox xarici investisiya cəlb olunub.

Hazırda Sumqayıt Kimya Sənaye Parkının təşkili istiqamətində işlər davam etdirilir.

SWeNT şirkəti Oklahoma Universiteti və NASA (ABŞ Milli Aerokosmik Agentliyi) tərəfindən həyata keçirilən birgə layihənin bazasında 2001-ci ildə yaradılıb. Şirkət karbon nanoborular istehsalı üzrə ixtisaslaşıb. SWeNT şirkəti nanotərkiblər sahəsində çoxsaylı patentlərin sahibidir.

Son xəbərlər

Orphus sistemi