Yuxarı
    Bağlamaq

    Səhiyyə naziri: "Yeni qaydalar hədsiz qiymət artımını aradan qaldıracaq"

    Bütün qüvvələr, insan resursları Bakı 2015i layiqincə keçirməyə səfərbər olunub

    Bakı. 17 iyun. REPORT.AZ/ "Əczaçılıq sahəsində ötən bir ilin yeniliyi dərmanların qiymətlərinə dövlət nəzarətinin həyata keçirilməsidir. Bu yaxınlarda Nazirlər Kabineti tərəfindən dərman vasitələrinin qiymətlərinə nəzarət qaydaları təsdiq edilib. Yeni qaydalar hədsiz qiymət artımını aradan qaldıracaq". "Report" xəbər verir ki, bunu səhiyyə naziri Oqtay Şirəliyev səhiyyə işçilərinin peşə bayramı münasibəti ilə keçirilən tədbirdə çıxışı zamanı deyib.

    Nazirin sözlərinə görə, ölkə səhiyyəsinin inkişafı üçün atılan bütün bu addımlar savadlı, bilikli, öz bilik və bacarıqlarını praktikada tətbiq edə bilən tibbi kadrların olmasını tələb edir: "Son bir ildə tibb işçilərinin ixtisas səviyyələrinin artırılması baxımından da xeyli iş görülüb. Tibb təhsilində islahatlar, xaricdə təhsil, tibb işçilərinin sertifikasiyası, onlar üçün təkmilləşmə və ixtisasartırma kursları, vakant həkim yerlərinə mərkəzləşmiş imtahan yolu ilə işə qəbul kimi tədbirlər sayəsində bu sahədə böyük irəliləyiş var. Təsadüfi deyil ki, son dövrlərin ən ağır faciəsi - Binəqədi rayonunda çoxmərtəbəli binada baş vermiş yanğın və onun nəticələrinin aradan qaldırılması zamanı paytaxtın təcili tibbi yardım xidməti, tibb müəssisələrinin, xüsusən Toksikoloji Mərkəzin tibbi heyəti yüksək peşəkarlıq nümayiş etdirdi və çox mütəşəkkil fəaliyyət göstərdi. Əlbəttə, belə hadisələrdə tibb işçilərinin üzərinə böyük yük düşür. Ancaq ölkə üçün fərəhli və təntənəli məqamlarda da həkimlərə, orta tibb personalına ehtiyac heç də az deyil. Bu gün Azərbaycan "Bakı 2015" I Avropa Oyunlarına evsahibliyi edir. Qitənin bütün ölkələrindən minlərlə idmançı, turist ölkəmizə axışıb. Bütün qüvvələr, insan resursları bu tədbiri layiqincə keçirməyə səfərbər olunub. Bu işdə Azərbaycanın tibb işçilərinin də üzərinə böyük məsuliyyət düşür. Mən əminəm ki, biz bu vəzifələrin öhdəsindən lazımınca gələcəyik".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi