Yuxarı

Transplantoloq: "Azərbaycanda 30-a yaxın pasiyent dializə getmədən əməliyyat olunub" - MÜSAHİBƏ

Mərkəzi Neftçilər Xəstəxanasında bu günə qədər 67 qaraciyər, 178 böyrək transplantasiyası icra edilib

Bakı. 24 yanvar. REPORT.AZ/ Azərbaycan Səhiyyə Nazirliyinin Mərkəzi Neftçilər Xəstəxanasının Cərrahiyyə və orqan transplantasiyası şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Mircəlal Kazıminin "Report"a müsahibəsi:

- Neçə ildir bu sahədə  fəaliyyət göstərirsiniz?

- 2008-ci ildən Mərkəzi Neftçilər Xəstəxanasında çalışıram. 2000-ci ildə Azərbaycan Tibb Universitetindən cərrah ixtisası üzrə məzun olduqdan sonra təxminən bir il yarım universitetin ümumi cərrahiyyə kafedrasında işlədim. Təhsilimi davam etdirmək məqsədilə Türkiyənin İzmir şəhərində yerləşən, dünya tibbində yeri olan Ege Universitetinin "Ümumi cərrahiyyə və orqan transplantasiyası" kafedrasına qəbul oldum. Qeyd edim ki, Türkiyədəki tibb təhsili sistemi tam fərqlidir. Azərbaycanda son 3-4 ildir ki, rezidentura təhsil sistemi yaradılıb və həmin sistemə görə tibb universitetini bitirən tələbə 5 il ümumi cərrahiyyə ixtisası alır və bundan sonra işləyə bilər. Türkiyədə həmin proqramı bitirdikdən sonra 2 il yarım müddət ərzində orqan transplantasiyası ixtisası almağa başladım. Beləliklə, transplantologiya fəaliyyətim 2006-cı ildən başlayıb. Təəssüf ki, həmin vaxt Azərbaycanda böyrək köçürülməsi inkişaf etməmiş, qaraciyər köçürülməsi isə yox idi. Yalnız 2008-ci ilin dekabrında Mərkəzi Neftçilər Xəstəxanasında Azərbaycan və region səhiyyəsi tarixində ilk dəfə qaraciyərin köçürülməsi baş verdi. Bu ilki edən məhz bizim komanda idi. Ümumiyyətlə, yerli mütəxəssislərdən ibarət peşəkar komandamızın üzvləri Türkiyə, İngiltərə, Yaponiyada təhsillərini alıblar.

- Bu sahə üzrə müəyyən problemlərin olduğunu dediniz. Hazırda nə kimi inkişaflar əldə olunub?

- Orqan köçürülməsi xüsusi mərkəzlərdə təhsil alan insanların edə biləcəyi işdir. Son zamanlar belə dəb var ki, xarici ölkələrə gedib orada 3 ay kurs aldıqdan sonra gəlib işini davam etdirə bilərsən. Lakin transplantasiya işi elə deyil. Dünyada qəbul edilən qanunlara görə, bu əməliyyatı həyata keçirə bilmək üçün minimum 2 il peşəkar fəaliyyət göstərən mərkəzdə kurs keçmək lazımdır. Çünki bu, üst ixtisasdır. Orqan köçürülməsi üçün cərrahiyyənin bundan o tərəfi hələlik yoxdur. Azərbaycanda keçmiş sovet təhsil sistemi davam etdiyinə görə bu ixtisas üzrə kadr kifayət qədər hazırlanmamışdı. Lakin hər dəfə beynəlxalq konfranslarda qeyd etmişəm ki, Azərbaycanda ilk transplantoloji əməliyyat 1971-1972-ci illərdə akademik M.Cavadzadə və komandası tərəfindən böyrək transplantasiyası ilə başlayıb. Ancaq Türkiyədə bu əməliyyat 1975-ci ildə həyata keçirilib. Deməli, biz onlardan əvvəl bu işi görmüşük. Sadəcə təəssüf ki, bu iş sonralar davam etdirilmədi. 2000-ci illərin əvvəllərində İrandan gələn mütəxəssislərin dəstəyi ilə professor doktor Kamal Abdulla bir neçə böyrək transplantasiyası etdi. Bundan sonra artıq durğunluq yarandı. 2008-ci ildən isə aktiv şəkildə bu işə start verilib. Komandamızla ilk böyrək köçürməsini Naxçıvan Muxtar Respublikasında həyata keçirmişik.

- Bu günə qədər neçə orqan köçürülməsi əməliyyatı həyata keçirilib?

- Mərkəzi Neftçilər Xəstəxanasının cərrahiyyə və orqan transplantasiyası şöbəsində bu günə qədər canlıdan canlıya 67 qaraciyər, 178 böyrək transplantasiyası icra olunub. Bütün bunların arxasında komandanın əvəzi olunmayan əziyyət və fədakarlığı dayanır.

- Bu cür pasiyentlərin əməliyyatdan sonrakı aqibətləri necə olur?

- Yeni orqana ehtiyacı olan pasiyent vaxtında əməliyyat olunmasa, aqibətinin necə olacağı bəllidir. Ancaq pasiyent zamanında əməliyyat olunarsa, onun nəinki sağlamlığına, hətta ailəsinə və sosial həyatına qayıtmaq şansı daha çoxdur. Dünya təcrübəsinə nəzər salsaq, görərik ki, bir neçə ay əvvəl əməliyyat olunan idmançı 1996-cı ildə idman yarışlarında bürünc medal qazanıb. Daha sonra Xorvatiyanın məşhur futbolçusu Klasniçə 3 dəfə böyrək köçürülüb. Ancaq hələ də futbol oynayır. Eyni zamanda, şəxsi təcrübəmə əsaslanaraq deyə bilərəm ki, İsmayıl İsmayılov adında gənc istedadlı rəssam bizə ağır vəziyyətdə olarkən müraciət etmişdi. Əməliyyat olduqdan sonra hazırda rəssamlıq fəaliyyətini davam etdirir. Pasiyentlərim arasında həkim, müəllim, universitetə qəbul olan, hətta ana olan da var.

Lakin onu da qeyd edim ki, bizə ağır vəziyyətdə müraciət edən pasiyentlər daha çoxdur və bu da narahatedici haldır. Təəssüf ki, bizim toplumun sağlamlıq və səhiyyə mədəniyyəti yoxdur. Bu da o deməkdir ki, insanlar tutduğu vəzifədən asılı olmayaraq hər 6 aydan bir tam müayinədən keçməlidir. Bəzən pasiyentlər şikayət edir ki, pulları çatmır və sığortaları yoxdur. Lakin etiraf edək ki, 6 ayda 3-4 dəfə əynimizə paltar alırıq. Eyni zamanda, imkanı yaxşı olan şəxs külli miqdarda pul xərcləyib 2 ildən bir avtomobilini yeniləyir. Ancaq onlara sonuncu dəfə müayinəyə nə vaxt getmisiniz sualını versək, heç kim cavab verməyəcək. İnsanlar vaxtında tam müayinədən keçsələr, o zaman xəstəlik vaxtında aşkar edilər. Bu da həmin xəstəliyin erkən fəsadlaşmamasına səbəb olacaq.

- Vətəndaşlarımız daha çox İrana müraciət edirdilər. Bildiyimizə görə, artıq İranda bu tip əməliyyatlara məhdudiyyətlər qoyulub...

- İstanbulda beynəlxalq konfransda təsadüfən iranlı mütəxəssislərlə söhbət edərkən bu barədə eşitdim. Belə ki, 2014-cü ilin avqust ayından İranda xarici ölkə vətəndaşlarına donoru olsa belə orqan köçürülmə əməliyyatı icra olunmur. Səbəbini dəqiq bilməsəm də, hər halda orada neqativ hallar aşkar edilib. Yenə də dəqiq səbəbini bilmirəm. Onu da qeyd edim ki, pasiyentlərdən aldığım məlumata görə orada qiymətlər burdan 1-1,5 dəfə baha başa gəlir.

- Bəs Azərbaycanda qiymətlər necədir?

- Əməliyyatlar üçün rəsmi qiymətlər təyin edilib. Belə ki, böyrək transplantasiyası 12 000 AZN, qaraciyər transplantasiyası isə 45 000 AZN təşkil edir.

- Kimlər donor ola bilər?

- Yaşı 18-dən yuxarı qohum və könüllü fiziki və tibbi sağlam olan hər bir şəxs donor namizədi ola bilər. Təbii ki, qan qrupunun uyğunluğu da vacib şərtlərdəndir. Lakin donor olmaq aparılan müayinələrin nəticəsindən sonra məlum olur. Onu da qeyd edim ki, tək orqan köçürülmə əməliyyatları deyil, eləcə də bütün əməliyyat etdiyimiz pasiyentlər müəyyən dövrlərdə nəzarətə gəlirlər. Bu da bütün pasiyentlərə şamil edilir. Hər bir pasiyentin xəstəliyinə və əməliyyatın miqyasına görə nəzarət zamanları var.

- Ölkədə nə qədər insan orqan çatışmazlığından əziyyət çəkir?

- Statistik məlumatlara əsasən, tək Azərbaycanda deyil, bütün dünyada orqan çatışmazlığından əziyyət çəkənlərin sayı artmaq üzrədir. Ekoloji problem, qidanın təmiz olmaması, stress, tibbin və diaqnostikanın daha irəli getməsi, yəni xəstəliklərin vaxtında aşkar olunması bu göstəricinin artmasının əsas amilləridir. Hətta xəstəliklərin deyil, xəstələrin də sayı gəncləşir. Misal olaraq, ürək infarktı bizim düşüncəmizdə ən çox yaşlı nəsillərdə qeydə alınırdısa, lakin hazırda 25 yaşında ürək infarktı keçirən pasiyentlər də həkimə müraciət edir. Böyrək çatışmazlığından əziyyət çəkən 2000-dən çox pasiyent dövlət hesabına hemodializ edilir və onların hamısının böyrək köçürülməsinə ehtiyacı var. Bunlardan əlavə, özəl müəssisələrdə də dializ olunan pasiyentlər var. Bunları toplasaq, hardasa 3000-ə yaxın pasiyentin böyrək köçürülməsinə ehtiyacı var. Bu, rəsmi deyil, təxmini rəqəmlərdir.

- Qanunvericiliklə meyitlərin orqanlarından donor kimi istifadə edilməlidir. Lakin bu icra olunmur. Hazırda hansı növ donorlardan daha çox istifadə olunur?

- Ümumiyyətlə, orqan köçürülməsi əməliyyatları iki cür - canlı donorlardan və beyin ölümü keçirmiş insanlardan bağışlanılan meyit orqanlarından götürülən orqanlardan istifadə etməklə aparılır. Dünya ölkələrinin milli maraqlarına görə bəzilərində hər iki proqram, bəzilərində yalnız canlı donorlar, digərlərində isə sırf beyin ölümü keçirən şəxslərin orqanlarından istifadə edilir. Azərbaycanda isə 6 il ərzində yalnız canlı donordan köçürmə əməliyyatı gerçəkləşdirilib. Qanunvericilikdə meyit orqanından orqan köçürülməsi nəzərdə tutulur. Ancaq təəssüf ki, bu icra edilmir. Canlıdan transplantasiya olmaq şansı isə yalnız və yalnız qaraciyər və böyrək xəstələrindədir. Transplantasiyaya ehtiyacı olan qalan pasiyentlərin meyit orqanlarına ehtiyacı var. Təəssüf ki, alternativ donor hovuzumuz yoxdur. Yəni hələ də digər ölkələrdə olduğu kimi, meyit orqanından istifadə edə bilmirik. Əgər meyit orqanından istifadə etmiş olsaq, bu problem nisbətən aradan qalxmış olar. Donor əməliyyatının özünün də riskləri var. Təbii ki, meyit orqanı olsa, bu minimal risklərdən də insanlar qurtarar. Hazırda Səhiyyə Nazirliyi tərəfindən bunun da konsepsiyası hazırlanır .

- Orqan ticarətinə qarşı mübarizə hansı formada aparılır?

- Ümumilikdə götürsək, orqan ticarəti qanuni və tibbi baxımdan qadağandır. Eyni zamanda təzyiq altında qalan insanlardan da orqan götürmək olmaz. Bu, yalnız işin hüquqi tərəfləridir. Bütün dünyada orqan ticarəti mövcuddur. Azərbaycan qanunvericiliyinə görə isə qəti qadağandır. Tibbi olaraq da bu işlə heç vaxt məşğul olmamışıq, bundan sonra da həmin işlə məşğul olmarıq. Qeyd edim ki, donorlarımız da ancaq pasiyentlərin qohumlarıdır. Qohum olmayan insanlar əməliyyat olunmur. Ona görə də əməliyyat öncəsi qohumlardan notariusdan sənəd gətirmələri tələb olunur.

- Mərkəzi Neftçilər Xəstəxanası Avropa transplantasiya reyestrinə qəbul olunub. Bunun nə üstünlüyü var?

- Bunun üstünlüyü odur ki, misal olaraq, Almaniyada qaraciyər transplantasiyasını həyata keçirən bir həkim ölkəmizdə həyata keçirilən bu əməliyyatın vəziyyəti ilə bağlı istənilən vaxt bu reyestrin vasitəsilə tanış ola bilər. İstənilən şəxs sayta daxil olaraq bütün məlumatlarla yaxından tanış ola bilər. Həmin reyestrdə göstəricimiz yüksəkdir. Onu da xatırladım ki, 2014-cü ildə qaraciyər köçürdüyümüz pasiyentlərin heç birində ölüm qeydə alınmayıb.

- Azərbaycanda donor çatışmazlığı problemini aradan qaldırmaq üçün qan qrupu uyğun olmayan donorlardan da orqan transplantasiyası əməliyyatlarının aparılacağını qeyd etmişdiniz. Bu sahədə vəziyyət necədir?

- Bəli, belə planımız var. Ancaq hələlik həyata keçirə bilmirik, çünki əlavə maliyyə tələb edən işdir. Yəni normal maliyyənin iki qatı qədər xərc tələb olunur. Belə ki, xəstələr əməliyyat olmadan əvvəl əlavə prosedurlardan keçir. Əməliyyatdan sonra isə dərman preparatları qəbul etdiyindən maliyyə problemləri ortaya çıxır. Yeni əməliyyatda isə fərqlidir. Ona görə də maliyyə problemlərinə görə hələlik işi icra edə bilmirik. Lakin bu prosesin maliyyəsini qarşılaya biləcək pasiyent olarsa, bu əməliyyatı həyata keçirə bilərik.

- Bu günə kimi etdiyiniz əməliyyatlarda nə kimi maraqlı hadisələr olub?

- Ümumiyyətlə, pasiyentlərin hamısının ayrı hekayəsi var. Eləsi olur ki, qardaş qardaşa donorluq edib. Lakin qardaşın bundan xəbəri olmayıb. Yalnız əməliyyatdan sonra onları görüşdürmüşük. Eləcə də oğul ataya verib, ancaq yenə də atanın xəbəri olmayıb.

- Orqan çatışmazlığından əziyyət çəkən pasiyentlərə nə məsləhət görərdiniz?

- Məsləhət odur ki, həmin pasiyentlər vaxtında əməliyyat olunsunlar. Bütün dünyada böyrək köçürülən pasiyentlər üzərində araşdırma aparılıb. Nəticəyə gəlinib ki, dializ edilməyən pasiyentlərin sayı və əməliyyatdan sonra əldə olunan keyfiyyətli dializ olunan pasiyentlərin sayından çoxdur. Odur ki, dünya artıq istiqaməti dəyişərək dializə girmədən əməliyyat olunmağa can atır. Hətta pasiyentlərdə qaraciyər serrozu aşkarlanıbsa, onlar da dializ olunmadan əməliyyat edilməlidir. Təəssüf ki, başqa alternativ yoxdur. Xatırladım ki, Azərbaycanda 30-a yaxın pasiyentimiz dializə getmədən əməliyyata alınıb.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi