Tibb Universitetində tələbələr yeni üsulla dövlət imtahanı verəcəklər

Tibb Universitetində tələbələr yeni üsulla dövlət imtahanı verəcəklər OSKİ metodu üzrə imtahanların təşkili üçün müəllimlərə təlim keçirilib
Sağlamlıq
3 May , 2016 19:20
Tibb Universitetində tələbələr yeni üsulla dövlət imtahanı verəcəklər

Bakı. 3 may. REPORT.AZ/ Bu gün Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında müəllimlər üçün təlimlər təşkil olunub. Təlimlərin məqsədi Azərbaycan ilk dəfə olaraq keçiriləcək Obyektiv Strukturlaşdırılmış Klinik İmtahanlarına (OSKİ) hazırlaşmaqdır.

Bu barədə "Report"a ali məktəbin mətbuat xidmətindən bildirilib.

ATU növbəti innovativ təşəbbüsün tətbiqinə hazırlaşır. Belə ki, bu il ilk dəfə olaraq ATU-nun müalicə profilaktika fakültəsinin tələbələri dövlət imtahanını test üsulu ilə verəcəklər. İmtahanlara 6-cı kursda təhsil alan 500-ə yaxın tələbə qatılacaq. Tələbələr həmçinin, bacarıq imtahanından keçəcəklər. Bu imtahan dünya standartlarına uyğun olan yeni OSKİ metodu ilə aparılacaq.

ATU-nun rektoru, professor Gəray Gəraybəyli bu sınağın necə keçiriləcəyini bilavasitə izləyib. O, imtahan üçün hazırlanmış mərkəzlə tanış olub, OSKİ-yə hazırlığın səviyyəsi ilə maraqlanıb. G.Gəraybəyli təlim iştirakçıları ilə görüşündə qeyd edib ki, bu imtahanlar tələbələrin praktiki biliklərinin artırılmasına kömək edəcək: “Biz daim vurğulayırıq ki, bəzən tələbələr nəzəri cəhətdən yüksək hazırlıqlı olsalar da, praktiki bilgiləri zəif olur. Bu məsələ Səhiyyə Nazirliyinin kollegiyalarında da qeyd edilir. Ona görə də Tibb Universitetinin rəhbərliyi, kafedra müdirləri tərəfindən daim bu istiqamətdə işlər aparılıb. Bu günkü seminar da görülən tədbirlərin nəticəsidir”.

ATU-nun tədris metodik və innovasiya şöbəsinin müdiri Akif Qurbanov bildirib ki, OSKİ metodu klassik imtahanlardan köklü şəkildə fərqlənir.

Təşkil olunan treyninqdə ATU rəhbərliyinin nümayəndəsi, dövlət imtahan komissiyasının nümayəndələri və müəllimlər iştirak edib. Təlimdə ATU-nun 60-a yaxın müəllimi iştirak edib.

Qeyd edək ki, Azərbaycanda ilk dəfə olaraq ATU tələbələri bu üsulla dövlət imtahanı verəcəklər. 

Son xəbərlər

Orphus sistemi