“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) kliniki sağlam olan, lakin COVİD - 19 virus xəstəliyi yayılan ölkələrə səyahət edən şəxslər üçün tövsiyələr hazırlayıb.
“Report” xəbər verir ki, video-çarx şəklində hazırlanan tövsiyələrdə qızdırma, öskürək, ürəkbulanma, nəfəs darlığının respirator xəstəlik əlamətləri olduğu qeyd olunub.
Bundan başqa, tövsiyələrdə COVİD-19 xəstəliyi rəsmi olaraq qeydə alınan ölkələrə səyahət edən şəxslərin üzərində müşahidələrin aparılması son təmasdan sonrakı 14 gün ərzində nəzərdə tutulduğu yer alıb.
“Müşahidə müddətində (14 gün ) mümkün qədər evinizi tərk etməyin, insanların sıx toplandığı yerlərə getməyin, şəxsi gigiyena qaydalarına ciddi riayət edin. Tez-tez əllərinizi su və sabunla 20 saniyə ərzində yuyun. İstifadə etdiyiniz dəsmaldan ailə üzvlərinizin istifadə etməsinə yol verməyin. Özünüzdə respirator xəstəlik əlamətləri hiss etdiyiniz halda dərhal 103 (Bakı daxili) və ya 113 (Bakıdan kənar) Təcili yardım nömrələrinə zəng edin və həkim müayinəsindən keçin”, - TƏBİB-in tövsiyələrində vurğulanıb.