Şöbə müdiri: "Binəqədidə baş verən yanğında xəsarət alan xəstələrə psixoloji yardım göstərilib"

Şöbə müdiri: "Binəqədidə baş verən yanğında xəsarət alan xəstələrə psixoloji yardım göstərilib" "Xəstələr tam evə buraxıldıqdan sonra onlardan yalnız bir-iki nəfəri yenidən həkimə müraciət edib"
Sağlamlıq
18 İyun , 2015 16:50
Şöbə müdiri: Binəqədidə baş verən yanğında xəsarət alan xəstələrə psixoloji yardım göstərilib

Bakı. 18 iyun. REPORT.AZ/ "Bakı şəhərinin Binəqədi rayonunda mayın 19-u baş verən yanğınla əlaqədar 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsində müalicə alan xəstələrin hamısı evə buraxıldıqdan sonra onlardan yalnız 1-2 nəfəri yenidən həkimə müraciət edib". Bu barədə "Report"a şöbənin müdiri Azər Maqsudov məlumat verib.

O bildirib ki, xəstələr evə buraxıldıqdan sonra həkim məsləhəti ilə 10 gündən sonra yenidən müayinəyə gəlibilər: "Lakin səhhətlərində heç bir fəsad yox idi. Sadəcə, məsləhət üçün müraciət etmişdilər. Məsləhətlərini alıb getdilər. Əsas müraciətləri hava dəyişkənliyi zamanı arabir öskürəklərinin olması və azca bəlğəmdən şikayət edirdilər. Bunlar elə də ciddi problem deyildi".

Azər Maqsudov onu da qeyd edib ki, xəstələrə şöbəyə qəbul edildikləri ilk gündən evə buraxılana kimi psixoloqların köməyi ilə psixoloji yardım da göstərilib: "Evə buraxıldıqdan sonra isə sahə üzrə həkimlər bu işi davam etdirməlidir. Çünki toksikologiya şöbəsində əsas zəhərlənmə ilə bağlı məsələlərə baxırdıq ki, onların səhhətlərində ciddi fəsadlar olmasın".

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova isə "Report"a bildirib ki, yanğında xəsarət alanların yaşadıqları yerlərin ünvanları həmin ərazilərə yaxın poliklinikalara təqdim olunub: "Onlar hazırda ərazi poliklinikalarının sahə həkimlərinin nəzarəti altındadırlar".

Qeyd edək ki, mayın 19-da baş verən hadisə nəticəsində 15 nəfər ölüb. 50-yə yaxın şəxs isə müxtəlif bədən xəsarətləri və ya zəhərlənmə ilə xəstəxanaya yerləşdirilmişdi. 

Son xəbərlər

Orphus sistemi