Yuxarı
    Bağlamaq

    Şöbə müdiri: "Azərbaycanda böyrək daşı xəstəliyində gəncləşmə müşahidə olunur"

    Fikrət Əhmədov: Böyrək xəstəliyindən əziyyət çəkənlərin sayında artım müşahidə olunur

    Bakı. 28 oktyabr. REPORT.AZ/ "Azərbaycanda əhalinin həyat tərzinə baxsaq, böyrəklə bağlı problem yaşayan insanların sayında artım müşahidə olunur". Bunu "Report"a açıqlamasında Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasının Urologiya şöbəsinin müdiri, cərrah-uroloq Fikrət Əhmədov deyib.

    Onun sözlərinə görə, böyrək xəstəlikləri arasında böyrək daşı xəstəliyi daha geniş yayılıb: "Böyrək daşı müalicə olunmadıqda böyrək çatışmazlığı və orqanizmdə ölümə səbəb ola bilən ciddi xəstəliklərin yaranmasına gətirib çıxarır. Lakin bu gün böyrək daşı xəstəliklərinin erkən diaqnozda müalicəsi mümkündür. Müasir avadanlıqların vasitəsi ilə böyrək daşlarından qısa zaman ərzində xilas olmaq olur".

    Genetik amillərin xəstəliyin yaranmasında rol oynadığını xatırladan şöbə müdiri əlavə edib ki, ailədə bu xəstəlik varsa, o zaman risk yüksək olur: "Ancaq əsas faktor həyat tərzidir. Çox maye qəbulu, artıq çəki, piylənmə və az fiziki aktivlik də xəstəliyin yaranmasının ciddi səbəblərindəndir. Bəzən daş böyüyüb böyrəyin yarısını tutduqdan sonra böyrək çatışmazlığı yarana bilər və bu zaman böyrəkdə daş olduğu özünü büruzə verər. Hətta ağrı belə olmur. Bəzən xəstə müraciət edir və müayinə zamanı hər iki böyrəyinin daşla dolu olduğu üzə çıxır. Bu da böyrəyin funksiyasının 80 faizinin itməsi deməkdir. Bəziləri hətta dializə girmək üzrə olanda həkimə müraciət edir. Bu da yüksək təzyiq, sidik çıxışının azalması problemləri ilə müşahidə olunur".

    F.Əhmədov qeyd edib ki, böyrəkdə daş xəstəliyi adətən ağrı ilə özünü göstərir: "Əksər hallarda sidikdə qanama, şiddətli ağrı, eləcə də bel nahiyəsində ağrılar olur. Bəzi insanlarda isə proses gizli şəkildə gedir. Ona görə də insanlar böyrəklərinin müayinəsinə ağrı olduqda gəlməsi məsləhət görülmür. Ən azı ildə bir dəfə həkimə müraciət etmək lazımdır. Böyrək daşı əməliyyatından sonra əgər metabolik problem yoxdursa və insan doğru qidalanma və həyat tərzinə keçirsə, əməliyyat zamanı alınan daşın analiz olunub onun tərkibinə uyğun yazılan dietaya əməl olunursa, o zaman insanın ömürünün sonunadək böyrəyində yenidən daş əmələ gəlmir. Əksinə olduğu təqdirdə isə daşın yenidən yaranması qaçılmazdır".

    Onun sözlərinə görə, böyrək daşı xəstəliyinə kişilərdə qadınlara nisbətən daha çox rast gəlinir. F.Əhmədov vurğulayıb ki, içki sidik yolu infeksiyası riskini artıraraq daşların əmələ gəlməsinə şərait yaradır: "Bir faktı da qeyd edim ki, böyrək daşı xəstəliyində gəncləşmə var. Normal qidalanma olmadıqda və fiziki aktivlik azaldıqda bu xəstəlik daha erkən yaşlarda müşahidə olunur. Məsələn, uşaqlar indi daha çox kompüter və televizor qarşısında vaxt keçirdiklərindən problem meydana çıxır. Çünki açıq havada oynamağa meyil göstərmirlər və piylənməyə doğru gedirlər. Bu da böyrəklərdə daşın əmələ gəlməsinə səbəb olur". 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi