​Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzində yeni xidmət yaradılıb

​Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzində yeni xidmət yaradılıb Müdir müavin: "Dərman vasitələri və tibbi avadanlıqlarla bağlı idxal və qeydiyyat sənədləri həmin xidmət vasitəsilə qəbul olunacaq"
Sağlamlıq
17 Mart , 2016 12:24
​Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzində yeni xidmət yaradılıb

Bakı. 17 mart. REPORT.AZ/ Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin nəzdində sahibkarlar və vətəndaşlarla iş üzrə yeni xidmət yaradılıb.

"Report" xəbər verir ki, yeni xidmətin əsas fəaliyyət istiqamətlərinə sahibkar və vətəndaşların müraciətlərinin qəbulu və operativ cavablandırılması, ölkəyə idxal olunan dərman vasitələri ilə bağlı sənədlərin qəbulu və icazələrin təqdim edilməsi, qeydiyyat sənədlərinin qəbulu və sahibkarlara təqdim edilməsi, eləcə də, şikayət və sorğuların qəbulu və cavablandırılması və s. mühüm məsələlər "bir pəncərə" prinsipi ilə fəaliyyət göstərəcək.

Mərkəzin Lisenziyalaşdırma və Akkreditasiya şöbəsinin müdir müavini İsa Əliyev jurnalistlərə açıqlamasında bildirib ki, mərkəzdə vətəndaşların müraciətlərinə operativ və dolğun baxılması, vətəndaş qəbullarının müasir tələblərə uyğun təşkili, səyyar və virtual qəbulların mütəşəkkil keçirilməsi, səhiyyədə kargüzarlığın qaydaları və təkmilləşdirilməsi, mövcud çatışmazlıqların aradan qaldırılması və başqa mövzulara dair mütəmadi müzakirələr aparılıb: "Mərkəzə daxil olan vətəndaş və ya sahibkarların müraciətlərinin qeydiyyata alınaraq elektron bazaya daxil edilməsi, dərkənar üçün rəhbərliyə təqdimatı, müraciətin icrası üçün Mərkəzin digər şöbələrinə yönəldilməsi, şöbələr tərəfindən icra olunan sənədlərin ərizəçilərə çatdırılması, bilavasitə şifahi müraciət şəxslərin aidiyyəti üzrə yönləndirilərək suallarının cavablandırılması bu xidmət vasitəsilə həyata keçiriləcək. Xidmətin tərkibində "Müraciətlərin qəbulu", "Dərman vasitələrinin lobarotor təhlili üçün nümunələrin qəbulu", "Müraciətlərin cavablandırılması", "Məlumat bölməsi", "Ödənişlərin edilməsi" bölmələri yaradılıb". 

O, həmçinin bildirib ki, dərman vasitələri və tibbi avadanlıqlarla bağlı idxal və qeydiyyat sənədləri həmin xidmət vasitəsilə qəbul olunacaq və qanunvericiliyə müvafiq cavablandırılacaq: "Gələcəkdə xidmətin işinin daha da təkminləşdirilməsi planlaşdırılır. Əsas istiqamət elektronlaşma ilə əlaqədar olacaq".

Qeyd edək ki, Səhiyyə Nazirliyinin vətəndaşların müraciətlərinə daha dəqiq və operativ yanaşma, problemlərin həlli, vətəndaş məmnunluğunun təminatı, qəbullarının mütəmadi aparılması, o cümlədən mərkəzi icra hakimiyyəti orqanları rəhbərləri tərəfindən vətəndaşların səyyar qəbuluna dair tapşırıqlarına əsasən Analitik Ekspertiza Mərkəzi kompleks tədbirlər görür.

Son xəbərlər

Orphus sistemi