Tibb Universitetinin professoru: "Qadınlar varikoz xəstəliyinə daha çox meyilli olur"

Tibb Universitetinin professoru: "Qadınlar varikoz xəstəliyinə daha çox meyilli olur" Məhəmməd Kərimov: "Həkimlərimiz yeni texnologiyaları öyrənməyə az meyl göstərirlər"
Sağlamlıq
9 Fevral , 2015 20:13
Tibb Universitetinin professoru: Qadınlar varikoz xəstəliyinə daha çox meyilli olur

Bakı. 9 fevral. REPORT. AZ/ "Hazırda dünya əhalisinin 40-50 faizi varikozdan əziyyət çəkir. Bu xəstəliyə ən çox qadınlar arasında rast gəlinir. Aşağı ətrafların (ayaqların) venalarının, yəni dərialtı səthinin venalarının varikoz genişlənməsi daha çox yayılıb". "Report" xəbər verir ki, bunu Azərbaycan Tibb Universitetinin professoru, Dünya və Avropa Damar Cərrahları Assosiasiyasının üzvü Məhəmməd Kərimov deyib.

Onun sözlərinə görə, qadınlar arasında varikoz 35-50 faiz, kişilərdə isə 25-35 faiz civarında rast gəlinir: "Bir faktı da qeyd edim ki, qadınlar varikoza meylli olurlar. Əgər qadın hamiləlik keçirərsə, bu, aşağı venozlara əlavə ağırlıq verir və varikozun yaranma ehtimalı daha da artır. Əgər qadın bir dəfə hamilə olarsa, varikozun yaranma ehtimalı 40 faiz, üç dəfə hamiləlik keçirərsə, 360 faiz olur. Varikozun yaranmasında üçüncü önəmli amil - birləşdirici toxuma sisteminin anadangəlmə zəifliyi sindromudur. Anadangəlmə varikozu olan qadınların anası, xalası və yaxud digər qohumunda bu xəstəlik olur. Yəni bu, həm də irsi xəstəlikdir".

M.Kərimov qeyd edib ki, varikoz xəstəliyinin daha çox C2 və C3 variantlarına rast gəlinir: "Yəni əsasən diametri 3 mm-dən böyük olan damarların genişlənməsi ilə bizə daha çox müraciətlər olunur. Varikoz xroniki gedişə malik xəstəlik olduğundan uzun illər davam edir. Əsasən yay aylarında qadınlarda ağrılar artır, soyuq aylarda isə azalır. Varikozun daha çox rast gəlinən fəsadları arasında trombozlar, kəskin tromboz, tromboflebit qanaxmalar, trofiki dəyişikliklərin və trofiki qanaxmaların baş verməsini misal çəkmək olar. Bizə müraciət edən xəstələrin əksəriyyətində varikozun bu və ya digər fəsadı müşahidə olunur. Trofiki dəyişikliklər olan xəstələrdə yaralar uzun illərlə sağalmır və onların sağalması demək olar qeyri-mümkündür. Yeri gəlmişkən, oturaq həyat, saatlarla ayaqüstə durmaq, ağır fiziki işlə məşğul olmaq, yük qaldırmaq və digər davranışlar da varikozun əmələ gəlməsində böyük rol oynayır. Piylənmə, ağır çəki, xroniki kolitlər, qəbzlik də varikoz yaradan əsas faktorlardandır".

O, həmçinin əlavə edib ki, endovenoz lazer koaqulyasiyası və yaxud varikozun lazer müalicəsi son vaxtlar çox köklü dəyişikliklərə məruz qalıb: "Son illər ərzində yeni növ lazer - suya təsir edən lazer və yeni lazer ötürücüsü - radial ötürücü kəşf edilib. Yeni növ lazer şüalarının təsirindən damar divarının kollagen lifləri zədələnir və onun bütün qatları bir növ əriyərək çapıq toxuması ilə əvəz olunur. Bu, ilk nəsil lazerlərdən - hemoqlobin lazerindən əsaslı şəkildə fərqlənir, damar daxilində tromb yaratmır. Bu səbəbdən prosedurada tromboembolik fəsadların yaranma ehtimali sıfıra bərabərdir, yəni demək olar tam təhlükəsizdir. Beləliklə, bu müalicədən sonra biz içərisi trombla dolmuş vena yox, çapıqlaşımış vena görürük".

Azərbaycanda "üçüncü nəsil" adlandırılan son lazerlə uğurlu əməliyyatlar apardıqlarını deyən professor təəssüf hissi ilə vurğulayıb ki, hələlik ölkədə aparılan əməliyyatların yalnız 1 faizi lazerlədir, yerdə qalan hallarda klassik - flebektomiya üsulundan istifadə olunur: "Halbuki dünyada göstəricilər tam əksinədir. Təəssüf ki, bu, həkimlərimizin yeni texnologiyaları öyrənməyə az meyl göstərməsi ilə əlaqədardır".

Endovenoz üsulla aparılan əməliyyatlardan sonra xəstədə yenidən varikozun əmələgəlmə ehtimalının 15-20 faiz olduğunu deyən M. Kərimov bildirib ki, lazer müalicəsindən sonra isə 1-2 faizdir.

Son xəbərlər

Orphus sistemi