Yuxarı
    Bağlamaq

    Professor: “Uşaqlar arasında aritmiya, infarkt halları artıb”

    İbrahim İsayev: Uşaqlarda anadangəlmə ürək qüsurları 0,8-1% təşkil edir

    Bakı. 8 iyul. REPORT.AZ/ “Son illərin göstəricilərinə əsasən, həm böyüklər, həm də uşaqlar arasında ürək-damar xəstəliklərinin sayı getdikcə artır. Bunun əsas səbəblərindən biri məhz insanlar arasında bu patalogiyanın daha çox yayılması ilə deyil, bizim diaqnostik imkanlarımızın artması ilə əlaqədardır”. 

    “Report”un məlumatına görə, bunu Azərbaycan Tibb Universitetinin (ATU) Elmi işlər üzrə prorektoru, professor İbrahim İsayev deyib.

    Onun sözlərinə görə, uşaqlardakı kardioloji xəstəliklərin yaşla asılılığı daha çoxdur: “Son zamanlar anadangəlmə ürək qüsurlu doğulan uşaqları daha çox müşahidə edirik. Sonrakı yaşlarda əsasən məktəbəqədər dövrdə ürək-damar sistemi tərəfindən ilk vaxtlarda aşkar edilməyən anadangəlmə ürək qüsurları, inkişaf uyğunsuzluqları meydan çıxa bilər. Məktəb yaşlarında isə funksional ürək-damar sistemi xəstəliklərinin tezliyi və qazanılma intensivliyi getdikcə artır”.

    ATU-nun mütəxəssisi qeyd edib ki, populyasiyada uşaqlarda anadangəlmə ürək qüsurları 0,8-1% təşkil edir: “Yəni, hər 100 doğulan uşaqdan təqribən birində anadangəlmə ürək qüsuru patalogiyası müşahidə olunur. Bunun da diaqnostikası, yaranma səbəbləri və qarşısının alınması səhiyyəmizin qarşısında duran ən əsas problemlərdən biridir. Bu xəstəliyi hansı səbəblər daha çox yarada bilər sualına gəldikdə, bu, multifaktorlu, yəni çox səbəbli bir patalogiyadır. Bunun əmələ gəlməsində konkret olaraq hər hansı bir amil əsas rol oynamır”.

    O bildirib ki, bu xəstəlikdə əksər hallada 70-80 % genetik faktorun rolu xüsusi vurğulanır: “Əgər valideyninin birində ürək-damar sistemində problem varsa, uşaqda da bu özünü biruzə verəcək. Qalan 20 % isə digər səbəblər təşkil edir. Bura əsasən, ananın özünün sağlamlıq vəziyyəti, xüsusilə də anada şəkərli diabetin olması, arterial hipertenziyanın, qan azlığının, qəbul edilən dərman preparatlarının, sinir sistemi xəstəliklərinin, böyüdüyü sosial şəraitin, stress, gərginlik, qidalanma kimi amillər də daxildir”.

    “Əgər ilk uşaqda anadangəlmə ürək qüsuru varsa, ikinci uşaqda bu 30 %, üçüncü uşaqda isə artıq bu göstəricinin 50 % yaranma ehtimalının artdığını demək olar. Yəni, valideynlərin, ən əsasda ananın sağlamlığı əsas rol oynayır. Anadangəlmə ürək qüsurları özü də ağırlıq dərəcəsinə görə bölünür. Elə uşaqlar var ki, onlara anadan olan kimi cərrahi müdaxilənin edilməsi mütlədir, amma elə problemlər var ki, onlar 1 yaşa qədər gözlənilməlidir. Uşaqlarda yüngül qüsurlar zamanı onları tez-tez müayinələrdən keçirtməklə gələcəkdə yarana biləcək fəsadların qarşısını almaq olar. Valideynlər uşaqlarını 5 yaşına qədər ildə bir dəfə mütləq kardioloji müayinədən keçirməlidirlər”- deyə həkim əlavə edib.

    İbrahim İsayev onu da vurğulayıb ki, uşaqlarda arasında anadangəlmə ürək qüsurlarından sonra ən çox yayılan xəstəlik növü, məhz aritmiyalardır. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi