Yuxarı

Pərviz Əzizbəyov: “Dərmanların qiymətinin göstərilməsi üsullarını pozan apteklər haqqında ciddi tədbirlər görüləcək” - MÜSAHİBƏ

“Dərmanlar Səhiyyə Nazirliyinin təsdiqlədiyi vahid resept blankı əsasında satılmalıdır”

Bakı. 15 sentyabr. REPORT.AZ/ Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin Dərmanların Keyfiyyətinə Nəzarət İnspeksiyasının rəisi Pərviz Əzizbəyovun "Report"a müsahibəsi:

- "Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və həmin qiymətlərə nəzarətin həyata keçirilməsi Qaydası"na əsasən, dərmanların yeni qiymətlərlə satışına bu gündən başlanılır. Nə kimi gözləntilər var?

- Tarif (qiymət) Şurasının dərman vasitələrinin qiymətləri barədə təsdiqlədiyi qərar bu gündən qüvvəyə minib. Elan olunan 25 təsiredici maddə üzrə 1 057 dərman vasitəsinin qiymətləri tənzimlənib. Bu gündən başlayaraq həmin preparatlar bütün ölkə üzrə fəaliyyət göstərən əczaçılıq müəssisələrində təsdiqlənmiş yeni qiymətlərlə satışa çıxıb. İlkin mərhələdə ən çox həyati vacib dərmanların qiymətlərində dəyişiklik edilib. Bununla bağlı Səhiyyə Nazirliyinin təsdiqlədiyi siyahı mövcuddur. İlkin olaraq Tarif Şurası tərəfindən bu siyahıdan başlanılıb. Çünki qiymətləri təsdiqlənən dərmanlar ən çox istifadə olunan preparatlardır. Bura ürək-qan damar sistemi xəstəlikləri, mədə-bağırsaq, yuxarı tənəffüs yolları və digər ən çox rast gəlinən xəstəliklərdə istifadə olunan dərman vasitələri daxildir.

Xatırladım ki, qiymətlərin tənzimlənməsi nəticəsində hazırda satışda olan dərman vasitələrinin qiymətləri ilə müqayisədə 46 faiz dərman vasitəsinin qiyməti 2 dəfədən çox, 24 faiz dərman vasitəsinin qiyməti 3 dəfədən çox ucuzlaşdırılıb. Bütövlükdə isə həmin tərkib üzrə satışda olan dərman vasitələrinin 94 faizi üzrə qiymətlər aşağı salınıb.

Lakin yaxın gələcəkdə dövlət qeydiyyatına alınan dərman vasitələrinin hamısının qiymətləri dövlət və Tarif Şurası tərəfindən təsdiqləndikcə mərhələli şəkildə satışa çıxarılacaq. Çox güman ki, bu ilin sonuna kimi dövlət qeydiyyatına alınan dərman preparatlarının əksər hissəsi təsdiqlənəcək. Gələn ilin əvvəllərinə kimi də bu proses yekunlaşacaq. Bununla da bütün dövlət qeydiyyatına alınan dərman vasitələrinin hamısının qiymətləri təsdiqlənmiş olacaq.

- Dərman vasitələrinin üzərində qiymətin göstərilməsi üsulları hansı formada həyata keçirilir?

- Dərmanların üzərinə vurulan qiymətlər 3 formada təsdiqlənib. Bura sırf istehsalçı, yaxud da idxalçılar tərəfindən zavod üsulu ilə qiymətlərin yazılması və ya yapışdırılması, ikinci variant stikerlərlə, yəni yapışqan kağızlarla qiymətlərin dərmanların üzərinə vurulması, üçüncü formaya isə rəngli ştampların vurulması aiddir. Əsas məqsəd dərman vasitəsinin qiymətinin təsdiqlənmiş qaydada dərmanların üzərində yazılmaqla satışa çıxmasıdır. Qiymət yazılışının formaları və ölçüləri də təsdiqlənib. Belə ki, dərman vasitəsinin yeni qiyməti qutunun üzərində lazım olan informasiyanın oxunaqlığına mane olmamalıdır. Yəni boş qalan hissədə qiymətlər yapışdırılmalıdır.

- Qiymət göstərilməsi üsullarının qaydasını pozan aptekləri hansı cəza gözləyir?

- Dərman vasitələrinin qiymət intizamının pozulması hallarının qarşısını almaq üçün İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti və Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi arasında razılaşma sənədi imzalanıb. Razılaşmaya görə, bu gündən etibarən əczaçılıq bazarında qiymət intizamına ciddi baxılması üçün hər iki qurumun birgə nəzarət tədbirləri keçiriləcək. Qaydalara riayət etməyən obyektlər aşkarlansa, onlar barəsində qanunvericiliyin tələblərinə uyğun tədbirlər görüləcək. Bunun üçün çox ciddi tədbirlər nəzərdə tutulub. Onu da vurğulayım ki, yeni qiymətlərlə bağlı qayda pozuntularına rast gələn hər bir vətəndaş Mərkəzimizin "Qaynar xətt" nömrəsi olan 596-07-12 ilə əlaqə saxlayaraq öz şikayətlərini bildirə bilərlər.

Yeni qiymətlərlə bağlı artıq ölkədə fəaliyyət göstərən bütün aptek müəssisələrinin rəhbərlərinə SMS bildirişlər göndərilib. Bildirişlərdə aptek rəhbərlərinə qiymətləri tənzimlənən 1 057 dərman vasitələrinin topdan və pərakəndə satış qiymətlərini, həmçinin, reseptsiz buraxılan dərman vasitələrinin siyahısını əldə rəhbər tutmaq tapşırılıb. Aptek rəhbərlərinə xəbərdarlıq edilir ki, ölkədə dövlət qeydiyyatından keçən bütün dərman vasitələri ancaq vahid resept blankı əsasında buraxılmalıdır.

- Tarif Şurasının yeni qərarının icrasından sonra reseptlərin yazılış forması dəyişdirilə bilərmi?

- Səhiyyə Nazirliyinin 172 nömrəli əmri ilə təsdiqlənmiş "Aptek təşkilatlarından dərman vasitələrinin buraxılması" qaydalarına uyğun olaraq vahid resept blankının necə olacağı məlumdur. Buna görə də bütün reseptlər vahid şəkildə yazılır. Reseptlərin yazılış forması artıq müəyyən edilib, bu barədə həm həkimlərə, həm də aptek sahiblərinə məlumat verilib. Dərmanlar Səhiyyə Nazirliyinin təsdiqlədiyi vahid resept blankı əsasında satılmalıdır, digər resept formalarında satılanlar əlbəttə ki, qanunsuz sayılır. Buna görə də nəzarət tədbirləri gücləndirilib və İnzibatı Xətalar Məcəlləsində müvafiq maddələr nəzərdə tutulub. Apardığımız monitorinqlər zamanı 15 aptek müəssisəsi vahid resept blankında deyil, digər reseptlərdə, kağız parçalarında satışa görə cərimələnib. Ona görə də nəzarət tədbirləri mütəmadi şəkildə davam etdiriləcək. 

Reseptsiz satılan dərman vasitələrinin siyahısı da Səhiyyə Nazirliyi tərəfindən təsdiqlənib. Bu siyahı nazirliyin rəsmi saytında yerləşdirilib. Bütün apteklər və həkimlər də bunu bilir. Siyahıya aid olmayan digər dərman vasitələri də mütləq vahid resept şəklində satılmalıdır. Çünki müəyyən dərmanlar var ki, onlar mütləq həkim tapşırığı ilə qəbul edilməlidir.

- Eyni zamanda, mərkəzləşdirilmiş apteklərin fəaliyyətinin və idarə olunmasının gücləndirilməsi üçün müvafiq tibb müəssisələrinin apteklərinin ştat cədvəllərinə yenidən baxılması nəzərdə tutulur. Bu hansı formada həyata keçiriləcək?

- Bu, xəstəxana daxilindəki apteklərə şamil edilib. Bildiyiniz kimi, bütün stasionar xəstəxanalarda insanların dərman təchizatı Səhiyyə Nazirliyi tərəfindən aparılır. Bütün stasionarlarda xəstələrin müalicəsində istifadə olunan dərman vasitələrinin hamısı pulsuzdur. Yəni Səhiyyə Nazirliyinin tərtib etdiyi siyahıdakı dərmanlar pulsuz verilir. Bu gün 17 mərkəzləşmiş səhiyyə müəssisəsi var ki, dərman təchizatı ora gəlir və digər müəssisələrə paylanılır.

- Bu ilin ötən dövründə qanunsuz fəaliyyət göstərən neçə aptek aşkarlanıb?

- Yanvarın birindən bu günə kimi aparılan yoxlamalar zamanı 4 qanunsuz fəaliyyət göstərən obyekt aşkarlanıb. Həmin apteklər xüsusi razılıq lisenziyası olmadan çalışıb. Təbii ki, onların fəaliyyəti dayandırılıb və müvafiq qaydada barələrində protokol tərtib edilib. İlin sonuna kimi də yoxlamalar davam edəcək. Yoxlamalar zamanı 361 adda 1 370 qutu dövlət qeydiyyatından keçməyən dərman vasitələri aşkarlanaraq satışdan çıxarılıb və aktlaşdırılıb.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi