Yuxarı

​Azərbaycanın baş onkoloqu: "Özəl xəstəxanalarda onkoloji xəstəliklərin müalicəsi üçün şərait və peşəkar mütəxəssis yoxdur"

Xəstəliyin cavanlaşdığını demək düzgün olmaz

Bakı. 12 sentyabr. REPORT.AZ/ "Qonşu ölkələrlə müqayisədə Azərbaycanda xərçəng xəstəliyinin göstəricisi aşağı səviyyədədir. Ancaq buna baxmayaraq, ölkədə əhalinin sayı artdıqca xərçəng xəstələrinin sayı da istər-istəməz çoxalır". Bunu "Report"a açıqlamasında Azərbaycanın baş onkoloqu Azad Kərimli deyib.

Onun sözlərinə görə, əsas problem maarifləndirmə işinin zəif olmasıdır: "Dünyada qəbul olunan qayda var ki, hər bir qadın 40 yaşından sonra ildə bir dəfə də olsa, mamoqrafiya müayinəsindən keçməlidir".

A.Kərimli qeyd edib ki, xərçəng xəstəliyinə bütün yaş qrupunda olan insanlarda rast gəlindiyindən, bu sahə üzrə xəstəliyin cavanlaşdığını demək düzgün olmaz: "Misal olaraq, son 5 ilə qədər Azərbaycanda uşaq onkologiyası yox idi. Əvvəllər sadəcə kimin imkanı yaxşı idi o, uşağını və ya nəvəsini götürüb xaricə müalicəyə apara bilirdi. Lakin kasıbın uşaqları müalicə oluna bilmirdi. Hazırda isə ölkədə uşaq onkologiyası fəaliyyət göstərir. Orada kifayət qədər peşəkar mütəxəssislər çalışır. Hətta xarici mütəxəssislər burada olarkən iş keyfiyyətimizi yüksək qiymətləndirmişdilər".

"Özəl xəstəxanalarda onkoloji xəstəliklərin əməliyyatı sonradan insanların narazılığına səbəb olur" - deyən baş onkoloq əlavə edib ki, buna səbəb həmin müəssisələrdə onkoloji xəstəliklərin müalicəsi üçün şəraitin və peşəkar mütəxəssisin olmamasıdır: "Dünyada qəbul olunub ki, onkoloji xəstələr ümumi cərrah tərəfindən əməliyyat olunmalıdır.Özəl müəssisələrdə həmin cərrah xəstəni əməliyyat etdi. Bəs xəstənin sonrakı aqibəti necə olur? Milli Onkologiya Mərkəzinin Cərrahiyyə Korpusunda vəziyyət elə deyil. Misal olaraq, biz xəstədən kəsib götürdüyümüz hissəni dərhal laboratoriyaya göndəririk. Bizə cavab gəldikdən sonra lazım olduğu təqdirdə əməliyyatı genişləndiririk. Ancaq özəl xəstəxanalarda bu yoxdur".

O, həmçinin vurğulayıb ki, kimyəvi terapiya hər xəstəyə məsləhət görülmür: "Elə xəstəmiz olur ki, onlara ehtiyac olmur. Kimyəvi terapiya müalicənin sadəcə bir növüdür". 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi