Ötən il Azərbaycanda 400-dən çox intihar cəhdinin qarşısı alınıb

Ötən il Azərbaycanda 400-dən çox intihar cəhdinin qarşısı alınıb “İntihar edənlərin 80 faizindən çoxu həyatdan getmək istədikləri haqqında kifayət qədər ciddi xəbərdarlıq edirlər”
Sağlamlıq
26 Yanvar , 2017 12:01
Ötən il Azərbaycanda 400-dən çox intihar cəhdinin qarşısı alınıb

Bakı. 26 yanvar. REPORT.AZ/ “Keçən il Azərbaycanda 327 intihar - tamamlanmış suisid hadisəsi qeydə alınıb. Bununla yanaşı, tamamlanmamış suisidlər (intihara cəhd) də olub ki, onların sayı 470 nəfər təşkil edib”. 

“Report”un məlumatına görə, bunu Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin Təcili psixoloji yardım şöbəsinin müdiri, psixiatr Kəmalə Talıbova deyib.

Şöbə müdirinin sözlərinə görə, 2015-ci illə müqayisədə ötən il intiharların sayında azalma müşahidə edilib.

İntiharın tək Azərbaycanda deyil, eləcə də bütün dünyada əsas problemlərdən birinin olduğunu xatırladan K.Talıbova əlavə edib ki, intiharın səbəbləri müxtəlifdir: “Bura bioloji və sosial faktorlar daxildir. Sosial faktorlar arasında işsizlik, ailə vəziyyətini misal çəkmək olar. İntiharlarda genetik amillər də rol oynayır. İntihar halları kişilərdə qadınlara nisbətən (1/2) daha çox rast gəlinir”.

O, həmçinin qeyd edib ki, intihar hallarının baş verməsində cəmiyyətdə, mətbuatda məlumatların düzgün yayımlanması və necə təqdim olunması vacib məsələdir: “Bəzən insanlar sanki həmin məlumatlarda özünün bir problemini görür və çıxış yolunu intiharda tapacağına inanır. Qeyd edim ki, intihar insanın böhran, krizis vəziyyətində etdiyi davranışdır. Bu zaman birinci suisidal intihar niyyətləri olmalıdır. Sonradan ona cəhd və yekunda tamamlanmış suisidlə nəticələnə bilər”.

“Bütün insanların həyatında bir dəfə də olsa bu niyyətlər olur. İntihar haqqında tez-tez danışan adamlar əslində heç vaxt özlərinə qəsd etmirlər. Buna baxmayaraq, intihar edənlərin 80 faizindən çoxu həyatdan getmək istədikləri haqqında kifayət qədər ciddi xəbərdarlıq edirlər. Bu gün dünyada orta intihar faktlarının sayı hər 100 min nəfərə 7 intihar hadisəsi düşür. Azərbaycanda isə bu göstərici hər 100 min nəfərdən 5-də bu hal qeydə alınır. Ona görə də Azərbaycanda intiharların sayı kritik vəziyyətdən aşağıdır”, - deyə, K.Talıbova əlavə edib.

Son xəbərlər

Orphus sistemi