Oftalmoloq: "Göz infeksiyalarından daha çox gənclər şikayət edir"

Oftalmoloq: "Göz infeksiyalarından daha çox gənclər şikayət edir" "Hər səhər üz yuyularkən göz qapaqları və kiprik dibi təmizliyinə diqqətlə yanaşmaq lazımdır"
Sağlamlıq
7 Oktyabr , 2015 12:52
Oftalmoloq: Göz infeksiyalarından daha çox gənclər şikayət edir

Bakı. 7 oktyabr. REPORT.AZ/ Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasının Oftalmologiya şöbəsinin müdiri Qurban İsmayılov göz və göz xəstəlikləri haqqında müsahibə verib. "Report" ATU-nun mətbuat xidmətinə istinadən müsahibəni təqdim edir:

- Adətən fəsil dəyişən ərəfədə gözdə müəyyən allergik reaksiyalar gedir. Bu, nə ilə əlaqədardır?

- Fəsillər arasında əsasən yazda gözdə allergiya əmələ gəlir. Məhz bu zaman yaranan konyuktivit - pollinoz konyuktiviti adlanan (latınca pollek-tozcuq) xəstəlik bitki tozcuqları ilə törədilir. Bitkilərin, xüsusilə çöl otlarının, taxıl bitkilərinin, bəzi kol və ağacların çiçəklənməsi zamanı rast gəlinir.

- O zaman bu ərəfədə gözlə bağlı şikayətlər artır?

- Fəsil dəyişiklikləri zamanı xəstələr daha çox gözlərdə qaşınma, qızartı, sulanma, gözlərin "zığlanması" şikayətləri ilə müraciət edirlər. Bu şikayətlərdən başqa ilin bütün dövrlərində gözlərində az görmə, bulanıq və ya dumanlı görmə, yazıları oxuya bilməmək və iynə saplamaqda çətinlik çəkdiyini söyləyən xəstələr də klinikamıza müraciət edir. Həmçinin diabet xəstələri də adətən öz həkimləri tərəfindən ildə ən azı bir dəfə oftalmoloq müayinəsi üçün yönləndirilir.

- Göz xəstəliklərinə əsasən hansı yaşlarda daha çox rast gəlinir?

- Bizə bütün yaş kateqoriyasından olan xəstələr müraciət edir. Müraciətlərdə - uşaqlar adətən az görmə və çəpgözlüklə əlaqədar, orta yaşlı və gənclər - göz infeksiyası və allergiyaları, yaşlı xəstələr isə adətən katarakta, diabetik retinopatiya, hipertoniyaya bağlı göz dibi dəyişiklikləri olan və yazını görməkdə problem yaşayan xəstələr üstünlük təşkil edir.

- Gözdə sulanma halları nəyə işarədir?

- Bu halların bir çox səbəbi ola bilər və istənilən halda belə şikayəti olanlar həkim-oftalmoloq tərəfindən müayinə ediləndən sonra səbəbi aydınlaşır. Allergik xəstəliklərlə bağlı sulanma ən çox rast gəlinən hal olsa da, göz yaşı kanalının tıxanıqlığı, korneal və ya konyuktival yad cisimlər və keratit kimi digər göz xəstəlikləri mütləq həkim tərəfindən müayinə edilməlidir. Əks təqdirdə, çox ciddi fəsadlar baş verə bilər.

- Gözü infeksiyalardan necə qorumaq lazımdır?

- Şəxsi gigiyena qaydalarına əməl etmək çox mühümdür. Hər səhər üz yuyularkən göz qapaqları və kiprik dibi təmizliyinə diqqətlə yanaşmaq lazımdır. Gözlər üçün istifadə edilən kosmetik vasitələr diqqətlə seçilməli, keyfiyyətindən əmin olmadığınız vasitələrdən uzaq durmağa çalışmalısınız.

Son xəbərlər

Orphus sistemi