Nazirlik rəsmisi: "Son illər peyvəndin təsiri nəticəsində uşaqlar arasında xüsusi ağırlaşma halları qeydə alınmayıb"

Nazirlik rəsmisi: "Son illər peyvəndin təsiri nəticəsində uşaqlar arasında xüsusi ağırlaşma halları qeydə alınmayıb" "Uşaqların peyvənddən kənarda qalma faizi çox azdır"
Sağlamlıq
26 Aprel , 2017 12:40
Nazirlik rəsmisi: Son illər peyvəndin təsiri nəticəsində uşaqlar arasında xüsusi ağırlaşma halları qeydə alınmayıb

Bakı. 26 aprel. REPORT.AZ/ "Rayonlarda peyvənddən imtina hallarına çox da rast gəlinmir. Belə hallar adətən paytaxt Bakıda olur. Bu da valideynlərin internetə daxil olaraq orada peyvəndlə bağlı neqativ informasiyalar əldə etmələri ilə bağlıdır".

"Report" xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva mətbaut konfransında bildirib.

Onun sözlərinə görə, Azərbaycanda peyvəndlərdən kənarda qalma göstəriciləri uşaqlar arasında müxtəlifdir: "İl ərzində uşaqların müxtəlif peyvəndlərlə əhatə olunması 95-97 faiz, bəzilərində isə 98-99 faiz təşkil edir. Kənarda qalma halları əsasən tibbi əks göstərişlər zamanı baş verir. Yəni, uşaq xəstədirsə, ona peyvənd vurulmur. Belə uşaqlar tam sağaldıqdan sonra peyvəndə cəlb olunurlar".

Nazirlik rəsmisi qeyd edib ki, bəzi hallarda valideynlər peyvənddən imtina edirlər: "Uşaqların peyvənddən kənarda qalma faizi çox aşağıdır. Əsasən valideynlər göyöskürək, difteriya və digər xəstəliklərə qarşı olan AKDC vaksinindən imtina edirlər. Çünki göyöskürək komponenti bəzi hallarda uşaqlarda yanaşı təsir verə bilər ki, bu da normal haldır. Valideynlər bunu bilməli və qorxmamalıdır".

A.Əliyeva peyvəndlərin tərkibində ağır metalların həcminin daha çox olması ilə bağlı Rusiya mətbuatında yayılan məlumatlara da münasibət bildirib.

O deyib ki, hazırda peyvəndlərin tərkibində ağır metallar çox az miqdardadır: "Son illər peyvəndin təsiri nəticəsində uşaqlar arasında xüsusi ağırlaşma halları qeydə alınmayıb. Yalnız adi yanaşı təsirlər meydana çıxa bilər. Bu da peyvəndin yerində olan qızartılar, ağrı hissiyyatı, şişkinlik halları ola bilər. Bu da heç bir həkim müalicəsi olmadan 2-3 günə keçir. Peyvənddən sonra hərarətin 38,5-ə qədər qalxması yanaşı təsirdir. Yəni, bu orqanizmə daxil olan antigenə qarşı bədənin reaksiyasıdır. Ölkəyə gətirilən bütün peyvəndlər bir dozalı flakonlarda olur və tərkibində heç bir konservant yoxdur. Ona görə də hər hansı bir ağır nəticə qeydə alınmır".

Son xəbərlər

Orphus sistemi