Yuxarı

Milli Onkologiya Mərkəzi: Hər il onkoloji xəstəlikdən əziyyət çəkən 150-160 uşaq qeydiyyata düşür

Son illərlə müqayisədə ölkədə belə uşaqların sayında artım müşahidə olunmur

Bakı. 15 fevral. REPORT.AZ/ "Hər il Milli Onkologiya Mərkəzinin Uşaq Klinikasında onkoloji xəstəlikdən əziyyət çəkən 150-160 uşaq qeydiyyata düşür. Klinika fəaliyyətə başladığı 2012-ci ildən bu yana isə həmin rəqəm 640 olub". Bunu "Report"a açıqlamasında Azərbaycan Milli Onkologiya Mərkəzinin Uşaq Onkoloji Klinikasının şöbə müdiri Reyman İsmayılzadə deyib.

Onun sözlərinə görə, uşaqlar arasında rast gəlinən xərçəng xəstəlikləri digər yaş qruplarından xeyli fərqlənir: "Leykemiya uşaqlar arasında ən çox qeydə alınan xərçəng xəstəliyinin növüdür. İkinci sırada tez-tez rast gəlinən bədxassəli törəmələr isə mərkəzi sinir sisteminin şişləri və limfomalardır. Bununla yanaşı, yalnız uşaqlara xas olan bədxassəli embrional törəmələr var ki, onlara neyroblastoma, nefroblastoma, medulloblastoma, retinoblastoma və digər şişlər aiddir. Süd vəzi, ağciyər, çənbər bağırsaq və düz bağırsağın şişləri isə adətən böyüklərdə qeydə alınır və uşaqlarda çox nadir hallarda rast gəlinir".

Şöbə müdiri qeyd edib ki, uşaq xərçəng xəstəliyi dedikdə adətən 16 yaşadək uşaqlarda inkişaf edən xərçəng xəstəlikləri nəzərdə tutulur: "Dünyanın əksər ölkələrində il ərzində hər 1 milyon uşaqdan 150-200 nəfərində xərçəng xəstəliyi qeydə alınır. Azərbaycanda isə onkoloji xəstəlikdən əziyyət çəkən uşaqların sayı 300-350 nəfərdir. Son illərlə müqayisədə ölkədə belə uşaqların sayında artım müşahidə olunmur".

O, həmçinin əlavə edib ki, klinikada 160 xəstə qeydiyyatdadırsa onlardan 150-si əməliyyat olunub: "Əsas mərhələ kimya terapiyasıdır. Cərrahiyyə isə müəyyən lazımi işdir. İntensiv müalicədən sonra ölüm faktı qeydə alınmasa da, təəssüf ki, hərdən bu, qaçılmaz olur. Çünki xəstəlik zamanında aşkar olunanda 80 faiz hallarda sağalmaq mümkündür. Təbii ki, müasir tələblərlə müalicə davam edirsə və valideyn bundan imtina etmirsə. Çünki bəzən olur ki, valideyn uşağı evə aparır və 3-4 aydan sonra geri - klinikaya gətirir. Bu da nəticəyə öz mənfi təsirini göstərmiş olur.

Biz uşağı lazımi şəkildə müalicə edə bilərik. Lakin bəzən valideyn buna qarşı çıxaraq uşağını başqa ölkəyə aparmağı üstün tutur. Təbii ki, bu məsələdə valideynin qərarına müdaxilə edə bilmərik. Uşağı İrana aparırlar, ancaq yaxşı klinikaya düşmürlər. Tehranda yaxşı klinikalar və uşaq onkologiyası üzrə peşəkar mütəxəssislər var. Ancaq ailələr uşağı Təbrizdə hansısa klinikaya aparıb orada iki illik müalicə kursu keçirlər. Amma ölkəyə qayıdanda bir dənə də olsun epikriz gətirmirlər ki, uşağın müalicə kursuna nəzarət edə bilək. Ona görə də nəticə elə də ürəkaçan olmur. Bu da çox acınacaqlı haldır".

Qeyd edək ki, hər il 15 fevral dünyada Beynəlxalq Uşaq Xərçəng Xəstəlikləri ilə Mübarizə Günü kimi qeyd edilir.

Xatırladaq ki, dünyada hər il 150 000-dən artıq uşağa xərçəng diaqnozu qoyulur. Bu xəstəliyə dünyanın bütün regionlarında rast gəlinir. Maddi vəziyyəti yaxşı olan ailədə xərçəng xəstəliyi olan uşaqların 80%-dan çoxu xilas olur və sağlam həyat tərzi sürə bilir. Lakin gəliri aşağı olan və orta gəlirli ölkələrdə uşaqların böyük əksəriyyəti kifayət qədər qayğı görmürlər. Nəticə etibarilə uşaqlar arasında xərçəng xəstəliyindən ölüm hallarının 90%-dan çoxu məhdud təminatlı mənbələrin payına düşür.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi