Yuxarı

Səhiyyə Nazirliyi: İldə təxminən 100 nəfərə qədər şəxsə dövlət hesabına böyrək köçürülür

Oqtay Şirəliyev: Mürəkkəb əməliyyatları həyata keçirmək üçün güclü maddi-texniki baza ilə yanaşı, savadlı mütəxəssislərə də ehtiyac var

Bakı. 9 iyul. REPORT.AZ/ “İldə təxminən 100 nəfərə qədər şəxsə dövlət hesabına böyrək köçürülür”. “Report”un məlumatına görə, bunu səhiyyə naziri Oqtay Şirəliyev Səhiyyə Nazirliyində keçirilən kollegiya iclasında çıxış edərkən deyib.

Nazirin sözlərinə görə, Azərbaycanda və digər ölkələrdə orqan transplantasiyası əməliyyatı olunan 3 mindən artıq xəstəyə immonodepressantlar dövlət tərəfindən pulsuz verilir.

O. Şirəliyev qeyd edib ki, irsi qan xəstəlikləri ilə mübarizədə ölkədə ciddi irəliləyişlər əldə edilib: “Bilirsiniz ki, talassemiya Azərbaycan üçün aktual problem idi. Aran rayonlarında əhalinin 7-10 faizində talassemiya xəstəliyi mövcuddur və həmin insanlar, xüsusən də uşaqlar ölümə məhkum idilər. Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü və iştirakı ilə bir neçə il öncə Respublika Talassemiya Mərkəzinin yaradılması belə xəstələrin müalicə imkanlarını genişləndirib. Mərkəzə il ərzində 20 minə qədər müraciət olur. Hazırda 3000 uşaq orada daimi müalicə alır. Bu mərkəzdə ancaq yüksək inkişaf etmiş ölkələrdə icra edilən çox bahalı sümük iliyi transplantasiyası əməliyyatları dövlət hesabına həyata keçirilir. Artıq 30 uşağa sümük iliyi köçürülüb. Böyük fərəh hissi ilə deməliyəm ki, bir ay əvvəl Azərbaycan yalnız bu sahədə uğurlu əməliyyatlar həyata keçirən az sayda dövlətlərin qəbul olunduğu Avropa Donor Bankına qəbul edilib”.

Nazir ölkədə əvvəllər çarəsiz sayılan bir sıra xəstəliklərin hazırda müalicə edildiyini, o cümlədən qaraciyər tranplantasiyası, açıq ürək, süni oynaq əməliyyatları kimi mürəkkəb cərrahi müdaxilələrin müasir səviyyədə, yüksək keyfiyyətlə həyata keçirildiyini bildirib: “Bu gün Azərbaycanda uşaq kardiocərrahiyyəsi ilə bağlı, demək olar, növbə yoxdur: “Belə mürəkkəb əməliyyatları həyata keçirmək üçün güclü maddi-texniki baza ilə yanaşı, savadlı mütəxəssislərə də ehtiyac var. Bunu nəzərə alaraq, təhsil sistemində köklü dəyişikliklər aparılır. Artıq bir neçə ildir ki, baza tibb təhsili ilə yanaşı, dar ixtisaslı mütəxəssislərin yetişdirilməsi üçün rezidentura təhsil pilləsi var. Rezidenturada təhsil alan tələbələr bir neçə il qabaqcıl klinikalarda təcrübəli mütəxəssislərlə birgə işləmək, onlardan öyrənmək va sonra sərbəst həkim kimi çalışmaq imkanı qazanırlar”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi