Şöbə müdiri: "İİV-ə yoluxan xəstələrin bəziləri müalicədən yayınırlar"

Şöbə müdiri: "İİV-ə yoluxan xəstələrin bəziləri müalicədən yayınırlar" Azərbaycanda İİV/QİÇS-li xəstələrin antiretrovirus terapiyasına cəlb olunanların sayı artıb
Sağlamlıq
17 Fevral , 2015 13:17
Şöbə müdiri: İİV-ə yoluxan xəstələrin bəziləri müalicədən yayınırlar

Bakı. 17 fevral. REPORT.AZ/ Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında QİÇS və Hepatit C Virusu (HCV) ilə bağlı maarifləndirmə tədbiri keçirilib. "Report" xəbər verir ki, tədbirdə çıxış edən Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzinin şöbə müdiri Natiq Zülfüqarov XX əsrdə bəşəriyyətin qarşılaşdığı bu xəstəliklərin tarixindən, müalicə və mübarizə üsullarından danışıb.

O bildirib ki, insanın immun çatışmazlığı virusu və qazanılmış immun çatışmazlığı sindromu (İİV/QİÇS) insanla doğulan və insana xas xəstəliklərdən deyil: "O, insanın sonrakı fəaliyyəti nəticəsində "qazandığı", əldə etdiyi, bilərəkdən və ya bilməyərəkdən tutulduğu bəladır. Narkomaniya, qeyri-sağlam həyat tərzi, antisanitariya, natəmizlik QİÇS-in yaranmasında və yayılmasında mühüm rol oynayır. Hazırda Azərbaycanda virus yayılma surətinə görə digər ölkələrlə müqayisədə aşağı səviyyədə olsa da, təhlükə davam edir. Bu infeksiya konkret olaraq, risk qrupları - inyeksion narkoman, seks-bizneslə məşğul olanlar, homoseksuallar arasında yayılıb".

N. Zülfüqarov qeyd edib ki, QİÇS mərhələsinə keçən xəstələrin sayını azaltmaq, ana və uşağın İİV-ə yoluxmasını sıfıra endirmək, İİV-li insanlara qarşı diskriminasiya hissini yox etmək hazırda qarşıya qoyulan əsas məqsədlərdəndir. QİÇS mərhələsinə keçən xəstələrin sayını azaltmaq üçün belə xəstələrin hamısını müalicəyə cəlb etmək lazımdır. İİV-ə yoluxan bütün xəstələrə dərmanlar dövlət tərəfindən pulsuz verilsə də, lakin bəzi xəstələr bu müalicədən yayınırlar. 

Mərkəz rəsmisinin sözlərinə görə, Azərbaycanda İİV/QİÇS-li xəstələrin müalicəsi üçün bahalı və daim aparılması tələb olunan antiretrovirus terapiyasına (ARV) cəlb olunanların sayı artıb. Bu terapiyanın çox həssas müalicə olduğunu xatırladan N. Zülfüqarov qeyd edib ki, əgər müalicə prosesində dərman xəstə tərəfindən bir ay ərzində iki dəfə vaxtında qəbul olunmasa effektivliyi azalır. Dərmanı 3-5 ay içib yaxşılaşdıqdan sonra arada 1-2 ay fasilə verilirsə terapiya təsir etmir. Ona görə də xəstəyə nəticədə daha ağır dərmanlar verilir. 2013-cü ildə 470 nəfər ARV-terapiyaya yeni cəlb edilmişdisə, 2014-cü ildə belə xəstələrin sayı 605-ə çatıb.

Daha sonra Hepatit C Virusu (HCV) haqqında məlumat verən N.Zülfüqarov virusun bu günə qədər tapılan altı hepatit virusdan biri olduğunu deyib: "HCV bu virusların içərisində ən təhlükəlisi hesab edilir. Virus qan vasitəsilə yayılır, qaraciyərdə və qanda aşkarlanır. HCV qaraciyərə gizlicə zərbə vura bilən bir virusdur və ona yoluxan insanların çoxunda ilk zamanlar heç bir şikayəti olmur. Vaxt keçdikcə, Hepatit C tədricən qaraciyər xərçənginə, qaraciyər çatışmazlığına və ya serroza gətirib çıxara bilir. C hepatitinə qarşı heç bir vaksin yoxdur. Amma infeksiyanın simptomları tibbi baxımdan idarə edilə bilir və pasientlərin antivirus dərmanlarının uzun kursu ilə virusdan təmizlənməsi mümkündür. Hazırda Səhiyyə Nazirliyi tərəfindən bu məqsədlə maarifləndirmə işləri aparılır".

Sonda tədbir iştirakçılarına İİV/QİÇS və HCV-nin profilaktikası, sağlam və təhlükəsiz həyat tərzi normaları barədə bukletlər paylanılıb.

Son xəbərlər

Orphus sistemi