Həkim: “Son bir ildə klinikamızda 15 kişinin süd vəziləri cərrahi yolla kiçildilib”

Həkim: “Son bir ildə klinikamızda 15 kişinin süd vəziləri cərrahi yolla kiçildilib” “Hətta 40 yaşlı xəstənin üzərində bu əməliyyat icra edilib”
Sağlamlıq
9 Aprel , 2018 14:14
Həkim: “Son bir ildə klinikamızda 15 kişinin süd vəziləri cərrahi yolla kiçildilib”

Bakı. 9 aprel. REPORT.AZ/ “Azərbaycanda son illər kişilərin də plastik, estetik və rekonstruktiv cərrahiyyə xidmətlərindən istifadə halları artıb”.

Bunu “Report”a açıqlamasında Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasının Plastik, estetik və rekonstruktiv cərrahiyyə şöbəsinin plastik cərrahiyyə mütəxəssisi, tibb üzrə fəlsəfə doktoru Mirsaleh Abdullayev deyib.

O qeyd edib ki, kişilər, adətən, ginekomastiya (döşlərin həddindən artıq böyük olması), blefaroplastika (gözaltı torbalar və göz qapağının sallanması), liposaksiya (qarın yağlarının ləğvi) üçün həkimə müraciət edirlər: “Son bir ildə, təxminən, 15-ə yaxın kişi ginekomastiya səbəbi ilə klinikaya müraciət edib və cərrahi yolla döşləri kiçildilib. Bu, hormonal pozğunluqla əlaqəlidir. Belə olan halda kişilərdə süd vəzisi normadan artıq böyümüş olur. Piyləri tam əzələnin üzərindən sorub çıxardırıq. Yəni tam əzələ qalır”.

M.Abdullayev bildirib ki, ginekomastiya ilə bağlı, adətən, 25-30 yaşdan yuxarı olan kişilər müraciət edir: “Hətta 40 yaşlı xəstənin üzərində bu əməliyyat icra edilib. Sinəkiçiltmə əməliyyatının məbləği xarici ölkələrlə müqayisədə çox aşağıdır. Hətta xarici ölkə vətəndaşı belə bizim klinikaya müraciət edib. Misal olaraq, bu yaxınlarda Norveçdən gələn xəstəyə blefaroplastika, Səudiyyə Ərəbistanından olan xəstənin üzərində bu əməliyyat edilib”.

“Kişiləri narahat edən problemlərdən biri də blefaroplastikadır”- deyən mütəxəssis əlavə edib ki, əgər pasiyentdə bu problem genetikdirsə, hətta gənc yaşlarda da özünü büruzə verir: “Lakin bu, adətən, orta yaşdan sonrakı prosesdə müşahidə olunur. Göz qapağı sallanandan sonra insanların görməsində problem yaranır. Yəni bu, insanda kompleks yaratmaqla yanaşı, görmə pozğunluğuna da səbəb olur”.

O vurğulayıb ki, bu günə qədər icra edilən əməliyyatlarda ciddi fəsadlaşmalar qeydə alınmayıb: “Cüzi deformasiyalar ola bilər ki, onu da korreksiya edərək düzəldirik”.

“Orta yaş və bir az artıq yaşlı xanımlarımız üzgərmə və göz ətrafında olan əməliyyatlara üstünlük verirlər. Gənc xanımlar isə əməliyyat yolu ilə süd vəzilərini implantla böyüdürlər (agumentasion mammoplastıka). Həmçinin bir neçə doğuş keçirmiş qadınlar abdominoplastikalar üçün müraciət edirlər. Orta çəkili qadınlar süd vəzi kiçiltmə (reduction mammaplastika), arıqladıqdan sonra qol ətrafında sallaqlıq kimi şikayətlərlə klinikaya üz tuturlar. Bu tip əməliyyatlar çox icra edilir”- deyə, o əlavə edib.

Xatırladaq ki, bu yaxınlarda Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında Plastik, estetik və rekonstruktiv cərrahiyyə şöbəsi yaradılıb. Şöbənin nəzdində 3 ədəd ikili, 2 ədəd təkli,1 ədəd də VİP palata pasiyentlərin ixtiyarına verilib.

Son xəbərlər

Orphus sistemi