Türkiyədə çalışan azərbaycanlı alim: "Hədəfimiz xərçəng kök hüceyrələrinin aktivləşməsininin qarşısını almaqdır"

Türkiyədə çalışan azərbaycanlı alim: "Hədəfimiz xərçəng kök hüceyrələrinin aktivləşməsininin qarşısını almaqdır" "Azərbaycanın adını, Azərbaycanın bayrağını hər zaman yüksəkdə görmək ən böyük arzumdur"
Sağlamlıq
1 Aprel , 2017 16:26
Türkiyədə çalışan azərbaycanlı alim: Hədəfimiz xərçəng kök hüceyrələrinin aktivləşməsininin qarşısını almaqdır
Report.az

Bakı. 31 mart. REPORT.AZ/ Türkiyənin Yıldız Teknik Universitetinin (YTÜ) Biomühəndislik kafedrasının müəllimi, ali təhsil müəssisəsinin Hüceyrə kulturası və toxuma mühəndisliyi laboratoriyasının müdiri, ABŞ-ın Stony Brook Universitetinin professor köməkçisi, tibb elmləri doktoru, professor Adil Allahverdiyevin "Report"a müsahibəsi

Arayış: Adil Allahverdiyev ömrünün 12 ilini Moskvada, 24 ilini isə Türkiyədə keçirən və Azərbaycanı qardaş ölkədə qürurla təmsil edən ziyalılarımızdandır. O, universitetdə pedaqoji fəaliyyətlə yanaşı, həm iş, həm də həyat yoldaşı, tibb elmləri namizədi Məlahət Bağırova ilə birlikdə böyük bir elmi tədqiqat qrupuna rəhbərlik edir. Azərbaycanlı alim müxtəlif beynəlxalq jurnallarda dərc edilən 180-dən çox elmi məqalə, bir neçə ixtira və səmərələşdirici təkliflər, eyni zamanda ABŞ, Avropa, Türkiyə və Azərbaycanda çap olunan 10-dan çox kitabın müəllifidir. Onun rəhbərliyi altında 15-ə yaxın fəlsəfə doktoru, 20-dən çox magistr dissertasiya işi yerinə yetirilib. A.Allahverdiyev Avropanın bir sıra ölkələri, ABŞ və Türkiyənin elmi cəmiyyətlərinin, o cümlədən Türkiyə Parazitoloqlar Cəmiyyətinin fəxri üzvüdür. Ana dili ilə yanaşı, ingilis, rus və türk dillərində sərbəst danışır. 

- Adil müəllim, tələbəlik illərinizi necə xatırlayırsınız?

Mən 1974-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu, 1977-ci ildə isə klinik ordinaturanı bitirdim. 1978-1990-cı illərdə Moskvada Seçenov adına Tibb Elmləri Akademiyasının Tibbi Parazitoloji və Tropik Təbabət İnstitutunda elmi fəaliyyətimi davam etdirdim. Nəticədə 1981-ci ildə tibb elmləri namizədi, 1989-cu ildə isə tibb elmləri doktoru alimlik dərəcələrini aldım. 1990-cı ildə Azərbaycana qayıdaraq Milli Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutunda laboratoriya müdiri vəzifəsində işlədim. Bir il orda işlədikdən sonra İranda keçirilən beynəlxalq konfransda iştirak etdim və bundan sonra məni Türkiyənin Çukurova Universitetinin tibb fakültəsinə dəvət etdilər. 16 il Çukurova Universitetinin müxtəlif kafedralarında işlədim. 2006-ci ildə İstanbulun Yıldız Teknik Universitetinin biomühəndislik kafedrasına dəvət aldıq və bu gün 102 yaşı olan ali təhsil müəssisəsində ilk dəfə olaraq Məlahət xanımla birlikdə Hüceyrə kulturası ve toxuma mühəndisliyi laboratoriyasını qurduq. Hazırda eyni kafedrada və rəhbərlik etdiyim laboratoriyada Məlahət xanımla birlikdə çoxsaylı magistr, aspirantlarımızla tədqiqatlarımızı davam etdiririk. Bu illər ərzində birlikdə çox yeniliklərə imza atmışıq.

- Türkiyədə peşənizdəki aktiv fəaliyyətiniz çoxlarına məlumdur. Təbii ki, tibb elminə çox vacib töfhələr verən kəşfləriniz var...

- Elmi nailiyyətlərimi iki mərhələyə ayırmaq olar. Birincisi, Moskvada, digəri isə Türkiyədəki fəaliyyətimdir. Moskvada işlədiyim müddətdə əsas elmi nailiyyətlərimi keçmiş SSRİ-də ilk dəfə olaraq malyariya xəstəliyinə qarşı peyvənd və yeni dərman preparatlarının hazırlanmasında mühüm rol oynayan, malyariya parazitlərinin insan vücudundan kənarda uzunmüddətli kulturasının əldə olunması təşkil edir. Bu nəticələrə yüksək qiymət verən akademik Astafyev “Eksperimental parazitologiya” kitabında (Moskva 1989-cu il, səhifə 135) yazır: "SSRİ-də bu sahənin başladılması və inkişaf etdirilməsi Dr.Allahverdiyevin adı ilə bağlıdır". 

Bəli, leyşmaniya (qamçılı parazit) xəstəliyinin diaqnostikası sahəsindəki kəşfimiz indi dünya tibbində tətbiq olunmaqdadır. Belə ki, “Leyşmaniya” xəstəliyi Dünya Səhiyyə Təşkilatının tropikal xəstəliklər üzrə tədqiqatlar bölməsində 6 ciddi xəstəlikdən biri olub malyariyadan sonra ikinci yeri tutur. Sözügedən xəstəlik dünyanın hər yerində, xüsusilə tropik və subtropik iqlim qurşaqlarında geniş yayılıb və ölkəmizin müxtəlif bölgələrində müşahidə edilir. “Phlebatomus”, yəni mığmığalar leyşmaniyalı xəstə insan və heyvanların qanını sovurarkən bu parazitlərlə yoluxur, daha sonra isə sağlam insanları yoluxdurur. Leyşmaniya xəstəliyinin həm dəri, həm də insan ölümünə səbəb olan kala-azar və ya visseral leyşmaniyanın diaqnostikasında xəstəliyi 1-3 günə təyin etmək mümkündür. İki bölmədən ibarət bu mühüm kəşfin birinci hissəsi leyşmaniya xəstəliyinin dəri formasına, ikincisi isə insan ölümünə səbəb olan kala-azar və ya visseral leyşmaniya növünə aiddir. Kəşf Barselona, Roma, Kuş adası (İzmir), İstanbul, Palermo-Terrasini beynəlxalq konfrans, simpozium və konqreslərində görkəmli alimlər tərəfindən yüksək qiymətləndirilib. Hazırda bu yeni üsul ABŞ, Çin, İspaniya, İsveç, Yunanıstan, İndoneziya və başqa ölkələrin laboratoriyalarında müvəffəqiyyətlə tətbiq edilir. Bununla yanaşı, müxtəlif ölkələrdən Leyşmaniya xəstəliyinin tədqiqi ilə məşğul olan alimlər yeni diaqnostika üsulunu öyrənmək məqsədilə də tez-tez bizə müraciət edirlər. Bu kəşfə görə Beynəlxalq Rotarilər Cəmiyyətinin “Peşəkar xidmət mükafatı” ilə təltif olunmuşam. Bundan başqa, 2- 3 il əvvəl leyşmaniya xəstəliyinə qarşı rəhbərlik etdiyim tədqiqat qrupu tərəfindən dünyda ilk dəfə olaraq yeni nəsil vaksin hazırladıq. İndi onun praktikada tətbiq edilməsi üçün zamana və imkana ehtiyac var. Eyni zamanda, yenə dəri leyşmaniyasının diaqnozu üçün dünyada ilk dəfə olaraq hibridoma texnologiyasına əsaslanan dəri diaqnostik üsulu hazırlanıb və tədqiqatların bu ilin ikinci yarısına tam olaraq başa çatması planlaşdırılır.

- Son illərdə xərçəng xəstəliyi ilə bağlı ciddi araşdırmalarınız barədə nə deyə bilərsiniz?

- Xərçəng xəstəliyi əsrin bəlasıdır. Bu gün tibb dünyası bu xəstəliklə mübarizədə yollar axtarır. Biz xüsusilə döş vəzi xərçənginin üzərində işləyirik. Bu xəstəlik Avropa ölkələri də daxil olmaqla dünyada hər 7-8 qadından birində görünməkdədir. Xərçəngin müalicəsində əsas problemlərdən biri onun kök hüceyrədən qaynaqlanmasıdır. Ona görə də bu xəstəliyin qarşısının alınmasında və müalicəsində xərçəng kök hüceyrələrinin kilit nöqtə olduğunu nəzərə alaraq bu sahədə ciddi araşdırmalar aparırıq. Hədəfimiz bu xəstəliyin inkişafında və metastazında son dərəcə mühüm rol oynayan, xərçəng kök hüceyrələrinin aktivləşməsininin qarşısını almaq üçün yeni metodların hazırlanmasıdır. Nəticələr xərçəngə qarşı müalicədə tamamilə yeni dövrün başlanmasına yol aça bilər. Bunlara paralel olaraq döş vəzi xərçənginin immunoterapiyasına doğru yeni elmi lahiyələr hazırlamışıq və bəzi tədqiqatlara başlamışıq. Bu sahədəki tədqiqatlarımızın əsasını nanotexnologiya və biomühəndislik sahəsində son illərdə ortaya çıxan yeni metodlar təşkil edir. Bu elmi işimizdə çox böyük nəticələr əldə edəcəyimizə ümid edirik.

- Ötən ay araşdırmalarınızla bağlı Azərbaycan Tibb Universitetində təşkil olunmuş beynəlxalq konfransda çox geniş məruzə ilə çıxış etdiniz. Ümumiyyətlə, Azərbaycanda hər hansı bir layihədə yer almağı düşünürsünüzmü?

- Mən harada olmağımdan asılı olmayaraq, hər zaman ölkəmin nüfüzu üçün çalışıram. Mənim və ya hər hansı bir azərbaycanlının xaricdəki uğuru Vətənin uğurudur. Buradakı elmi işlərim zamanımın çoxunu alır, ancaq vaxt tapan kimi Azərbaycana gedirəm, Vətəndəki elm adamları ilə fikir mübadiləsi aparıram. Bu günlərdə də Azərbaycan Tibb Universitetində böyük konfrans keçirildi, Türkiyədən dəvət olunmuş bir neçə alimin çıxışları oldu. Mən də kök hüceyrələrinin bir çox xəstəliklərin müalicəsində tətbiqi ilə bağlı apardığımız araşdırmalar barəsində geniş məruzə etdim. ATU rəhbərliyi ilə görüşlərimiz oldu və yaxın gələcəkdə orada kök hüceyrə sahəsində tədqiqatlara başlanması üçün əməkdaşlığımız olacaq. Hətta belə bir laboratoriya və ya mərkəzin qurulması ilə bağlı da söhbətlərimiz oldu.

- Tələbələriniz sizin çox tələbkar olduğunuzu deyirlər. Ümumiyyətlə, Türkiyədə tələbə olmaq çətindirmi?

- Hər bir gənc əvvəlcə doğulduğu vətəni, torpağı sevməlidir, daha sonra isə hansı peşədə olursa-olsun seçdiyi sənətin peşəkarı olmalıdır. Öz qələmi ilə ədəbiyyatımıza çox gözəl əsərlər bəxş edən Nizamı Gəncəvi deyib ki, kamil bir palançı olsa da insan, yaxşıdır yarımcıq papaqçılıqdan. Ona görə də kimliyindən asılı olmayaraq, oxumayan, çalışmayan tələbə mənim tələbəm ola bilməz. Mənimlə çalışan azərbaycanlı tələbələrdən isə yerli tələbələrdən fərqli olaraq 2-3 dəfə çox çalışmasını tələb edərəm. Çünki o, daha çox Azərbaycanı təmsil etmir. Ölkənin və millətin adını uca tutmaq məcburiyyətindədir. Mən dərsə girərkən Adil Allahverdiyev kimi deyil, bir azərbaycanlı olaraq hərəkət edirəm. Çünki nə zamansa ad unudula bilər, ancaq tələbələr məni azərbaycanlı müəllim kimi yad edəcəklər. Bir generalın müharibədə qələbəsi əsgərlərinə və onların istifadə etdiyi müasir silahlara bağlı olduğu kimi, bir elmi rəhbərin də uğuru onun güclü, istedadlı tələbələrinin olmasından asılıdır. Bu gün çox gözəl və çalışqan tələbələrim var. Elmi tədqiqat qrupuna müxtəlif ixtisaslardan məzun olan tələbələri cəlb edirəm. Çünki müasir elm çoxşaxəli olduğundan hər sahədən olan mütəxəssislərin bir araya gətirilməsi ilə mümkün ola bilir. Bir sahədən məzun olan elmi işçi ilə uzağa gətmənin vaxtı artıq keçib. Məhz belə çalışqan tələbələrlə günümüzün çoxu laboratoriyada, elmi araşdırmalarla keçir. Bu tədqiqatlar sahəsində ötən il universitetimizdə ABŞ və Avropa ölkələrinin nufuzlu jurnallarında ən çox məqaləsi çıxan professor adını aldım. Doktoranturanı bitirənlər və ən çox beynəlxalq jurnallarda elmi məqalələri olanlar mənim tələbələrimdir. Laboratoriyamızda dünyanın müxtəlif bölgələrindən gələn tələbələr, aspirantlar, stajorlar çalışırlar. Bunlara Almaniya, Ukrayna, Pakistan, İran və Azərbaycan kimi ölkələr daxildir.

- Adil müəllim, Türkiyə Səhiyyə Nazirliyi son illərdə müxtəlif xəstəliklərə qarşı vaksin hazırlamaq üçün sizə müraciət edib...

- Son illərdə Türkiyə Səhiyyə Nazirliyinin əsas hədəflərindən biri xaricdən çox bahalı qiymətə vaksin və diaqnostik testlərin alınmasına son qoymaq, milli vaksin texnologiyasına və tibbi ləvazimatların istehsalına başlamaqdır. Bələ bir komissiyada yer almaq və öz sahəmdəki tədqiqatlarımla iştirak etmək mənim üçün qürurvericidir. Türkiyə Səhiyyə Nazirliyi ilə əməkdaşlığımız davam edir. Hətta onlar leyşmaniya xəstəliyinə qarşı hazırladığımız vaksinin tətbiqi üçün də işlər aparırlar.

- Azərbaycandan Türkiyəyə gələn, ancaq təhsilini başa vurduqdan sonra geri dönməyən çoxlu sayda tələbələrimiz, elm adamlarımız var...

- Bu, iki formada olur. Biri dövlət, digəri isə öz hesabına oxuyan tələbələrdir. Türkiyə şərtlərində birinci qrupa aid olanların, xüsüsilə magistr və doktorluq oxuyanların geri dönməməsi mümkün deyil. Çünki dövlət proqramı ilə gələn tələbələr geri qayıtmaları üçün imza atırlar. Amma öz hesabına təhsil alanların əksəriyyəti geri qayıtmır. Bunların arasında məni ən çox məyus edənlər tibb sahəsində yetişmiş mütəxəssislərdir. Bu gün bu sahədə yetişmiş həkimlər Avropa başda olmaqla bütün ölkələr tərəfindən böyük məmnuniyyətlə qəbul edilməkdədir. Bunun əsas səbəbi həkimlik kimi ağır və yetişməsi uzun vaxt alan bir peşəyə hər yerdə böyük ehtiyac olmasıdır. Məncə, bu axının qarşısı alınmalıdır. Bu da bürokratik əngəllərlə deyil, xaricdə oxuyan tələbələrimizin istək və arzuları nəzərə alınmaqla həyata keçirilməlidir. Təhsilini başa vurub qayıdan həkimlərin artması Azərbaycandan xaricə gedən xəstə sayının, axan valyutanın qarşısını ala bilər. Bu gün səhiyyə turizmi ölkəyə böyük sərmayə, valyuta gətirmək üçün xarici ölkələrdən xəstə axınları təşkil edilir. Niyə Azərbaycanda buna bənzər bir təşkilat olmasın? Təəssüf ki, bizdə buna bənzər təşkilatlar Azərbaycandan Türkiyəyə xəstələri göndərməklə məşğuldur. Son illərdə Azəraycandan Türkiyəyə gələn elm adamları da olduqca azdır. Çünki Türkiyədə elm sahəsində yüksək kriteryalara cavab verən mütəxəssislər axtarır. Azərbaycandakı elmin bugünkü səviyyəsi buna imkan vermir. Biz Azərbaycandan gələn elm adamlarımızın burada səsini eşidək, görək.

- Türkiyə xarici ölkələrdəki mütəxəssislərini ölkəyə cəlb etmək üçün xüsusi proqramlar tətbiq edir. Azərbaycanda da belə layihələrə ehtiyac varmı?

- Mütləq lazımdır. Quyuya su tökməklə artmaz, gərək quyunun dibində su olsun. Azərbaycan bu işi gündəmdə saxlamalıdır. Tibb Universiteti Türkiyədən Azərbaycana gedən mütəxəssisləri ali təhsil müəssisəsinə cəlb etməlidir. Bunun ən gözəl təcrübəsi Türkiyədə var. Bu ölkə elmdə qabaqcıl olan insanları toplayır. Xaricə gedən tələbələrini yenidən ölkəyə gətirmək üçün dövlət proqramları həyata keçirir. Yaxşı əmək haqları ödəyir. Son 3-4 il ərzində Türkiyə xaricdə yaşayan türk elm adamlarını ölkəyə gətirməklə milli elmi texnologiyasını qurub.

- Türkiyədə Azərbaycanla bağlı keçirilən tədbirlərdə, konfranslarda da aktiv iştirak edirsiniz...

- Mən Adana və İstanbul şəhərində fəaliyyət göstərən Azərbaycan dərnəyinin qurucularındanam. Ölkəmizlə bağlı bütün tədbirlərdə Azərbaycanın İstanbuldakı Baş Konsulluğu ilə birlikdə yaxından fəaliyyətim var. Dövlət başçısı İlham Əliyevin təşəbbüsü ilə Bakıda keçirilən Dünya Azərbaycanlılarının Qurultayında iştirak etmişəm. 2008-ci il oktyabrın 15-də Azərbaycanda keçirilən prezident seçkisi zamanı seçki məntəqəsinin sədri kimi fəal və nümnəvi iştirakına görə İstanbuldakı Baş Konsulluq tərəfindən mükafatlandırıldım. Xocalı soyqrımı, 20 Yanvar hadisələriniin təbliğində göstərdiyim fəaliyyətə görə Türk Dünyası İnsan Haqları Birliyi tərəfindən mükafatlandırılmışam. Vətənimə xidmət etmək məni qürurlandırır. Azərbaycanın adını, Azərbaycanın bayrağını hər zaman yüksəkdə görmək ən böyük arzumdur. Dərslərimdə tələbələrimlə bəzən söhbətlər edirəm, onlara ölkəmiz, tariximiz haqqında yeri gəldikcə məlumatlar verməyə çalışıram.

- Sizcə Azərbaycan diasporunun Türkiyədəki fəaliyyəti qənaətbəxşdirmi?

- Azərbaycan diasporunun fəaliyyətini İstanbul kimi böyük şəhərlərdə daha da gücləndirmək lazımdır. İstanbulda Azərbaycan Mədəniyyət Evinin tikilməsi diaspor fəaliyyətini daha da gücləndirə bilər. Biz çox zəngin mədəniyyəti olan bir xalqıq. Bunu dünyaya göstərmək üçün dünya mədəniyyətlərinin paytaxtı hesab olunan İstanbul əlverişli şəhərdir. Türkiyədə siyasətin hər an yenilənmə, dəyişmə riskinin olması diasporun da çox dinamik və aktiv omasını tələb edir. Yeri gəlmişkən, son 2-3 ildə Azərbaycan telekanalları Türkiyə ərazisində yayımlanmır. Bu, çox ciddi problemdir. Çünki televizya bütün evlərə girir. Telekanallarımızın Türkiyədə yayımlanmaması Azərbaycan mədəniyyətinin tanıdılmasına və diaspor fəaliyyətinə böyük zərbə vurmaqdadır. Bu vaxt ərzində aidiyyəti şəxslərə bu problem haqqında məlumat vermişəm. Ancaq hər hansı bir müsbət nəticə yoxdur. Sizin vasitənizlə təkrar aidiyyəti qurumlardan bu məsələni gündəmə gətirməsini xahiş edirəm.

- Oğlunuz Samir Allahverdiyev də Türkiyədə gənc, peşəkar kardioloqlardandır...

- Bəli, oğlum İstanbul Universitetinin Cərrahpaşa Tibb Fakültəsindən məzun olub. Hazırda Biruni Universitetinin tibb fakültəsinin kardiologiya kafedrasında elmi fəaliyyətini davam etdirməklə yanaşı, həkimlik fəaliyyətini də intensiv şəkildə həyata keçirir. Qızım Lamiyə Allahverdiyeva ABŞ-da Nyu-York Universitetinin idarəetmə fakültəsindən məzun olub, hazırda Azərbaycanda işləyir.

Vüsalə Abbasova 

Son xəbərlər

Orphus sistemi