Uroloq: "Havalar soyuduqca sidik kanalı infeksiyası riski artır"

Uroloq: "Havalar soyuduqca sidik kanalı infeksiyası riski artır" "Çox su içib gündə 1-2 dəfə sidiyə çıxmaq hansısa problemin göstəricisidir"
Sağlamlıq
30 Oktyabr , 2015 16:18
Uroloq: Havalar soyuduqca sidik kanalı infeksiyası riski artır

Bakı. 30 oktyabr. REPORT.AZ/ Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasının Urologiya şöbəsinin müdiri, cərrah-uroloq Fikrət Əhmədov soyuq havada sidik saxlamağın fəsadlarından danışıb. O, "Report"a açıqlamasında bildirib ki, sidik saxlamağın zərərləri həddindən artıq çoxdur.

Onun sözlərinə görə, həm kişilərə, həm də qadınlara sidiklərini mütəmadi şəkildə saxlamaq məsləhət görülmür: "Bu, həm də uşaqlara aiddir. Çünki onlar adətən oyun zamanı, televizora baxdıqları vaxt sidiklərini saxlayırlar. Bu zaman sidik kisəsi məcburən həcmini böyüdəcək, eləcə də əzələ sistemi öz gücünü itirmiş olacaq. Bir müddətdən sonra - sidik kisəsinin həcmi böyüdükcə sidik ifrazatı problemləri meydana gələcək ki, bununla da böyrəklərə zərər dəyməyə başlayacaq. Sonra isə böyrəklərdə genişlənmə başlayacaq. Bu da xroniki mərhələdir. Təbii ki, bu da 3-5 gündə baş verən hadisə deyil. Problem aylar keçdikcə öz mənfi təsirini göstərmiş olacaq".

Şöbə müdiri əlavə edib ki, sidik kisəsi öz funksiyasını yavaş-yavaş itirir, bununla da sidik kisəsi özünü tam boşalda bilmir və orada qalıq sidik yığılır: "Bu da sidik kanalı infeksiyası riskini artırır. Eyni zamanda, böyrəklərə də sidik qaçmış olma ehtimalı artır. Nəticədə böyrək funksiyasını itirməyə doğru gedəcək. Nəticədə biz həkimlər mövcud problemi aradan qaldırmaq üçün uzunmüddətli müalicə metodundan istifadə etməyə məcbur qalırıq".

Sidiyə çıxmaq üçün konkret vaxtın təyin edilməsinin çətin olduğunu deyən F.Əhmədov deyib ki, insandan-insana sidik kisəsinin həcmi dəyişir: "Böyük insanlarda kisənin həcmi 300-350 ml arasıdır. Hətta 500-ə qədər bunu normal qəbul etmək olar. Lakin bir kişi 1 litr sidiyini saxlayırsa, bu, normal deyil. Bu hal adətən prostat vəzi xəstəliyindən əziyyət çəkən kişilərdə müşahidə olunur. Yarım litr sidik ifraz etmək isə qəbulediləndir. Misal olaraq, az su içilibsə, gün ərzində 3 dəfə sidiyə çıxmaq normaldır. Lakin çox su içib gündə 1-2 dəfə sidiyə çıxmaq hansısa problemin göstəricisidir. Normal sidik ifrazı 4-6 dəfədir".

O, həmçinin vurğulayıb ki, havalar soyuduqca sidik kanalı infeksiyası riski artmış olur: "Eyni zamanda, xroniki sidik kanalı iltihabı əmələ gəlir, prostatitlər, qadınlarda isə sistitlər meydana çıxır. Normal fiziki aktivlikdə olmaqla və çoxlu maye qəbul etməklə mövcud problemlərdən yan keçmək mümkündür. Bundan başqa, soyuqdan qorunmaq məsləhətdir. Bu, həm kişilərə, həm də qadınlara aiddir. Normadan artıq geyinməyə də ehtiyac yoxdur". 

Son xəbərlər

Orphus sistemi