Yuxarı

Gün ərzində təcili yardıma daxil olan çağırışların sayı açıqlanıb

Baş həkim: Bəzən əhali tərəfindən həkimlərə təzyiqlər olur

Bakı. 21 aprel. REPORT.AZ/ Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının fəaliyyətinə həsr olunan mətbuat konfransı keçirilib.

"Report"un məlumatına görə, tədbirdə çıxış edən stansiyanın baş həkimi Rauf Nağıyev bildirib ki, stansiya günün 24 saatı ərzində Bakı şəhərinin bütün xəstə və zərərçəkən əhalisinə hadisə yerində və müalicə ocaqlarına çatdırılanadək təcili və təxirəsalınmaz tibbi yardım göstərmək məqsədi ilə fəaliyyət göstərir.

Onun sözlərinə görə, “103” xidmətinə gündəlik ortalama 2000-3000 arası çağırış daxil olur: "Bunlardan 200-ə yaxını ağır xəstə ilə bağlı olduğuna görə onlar xəstəxanalara çatdırılır. Müraciətlərin bəziləri təcili yardıma aid olmayan çağırışlardır. Buna baxmayaraq, bütün çağırışlar çeşidlənərək bölmələrin həkimlərinə ötürülür və icra edilir".

R.Nağıyev qeyd edib ki, gün ərzində stansiyanın 138 həkim briqadası fəaliyyət göstərir: "Stansiyaya səbəbindən asılı olaraq daxil olan çağırışlar iki qrupa bölünür. Çox təcili çağırışlar qeydiyyata alındıqdan sonra 4 dəqiqədən gec olmayaraq təcili tibbi yardım briqadasına ötürülür. Bu təsnifata fövqəladə hallar, zərərçəkənlərin olduğu yol-nəqliyyat qəzaları, xəstənin huşunu itirməsi, uşaqlarda yüksək hərarətlə müşayiət olunan səpkilər, yenidoğulmuşlarla əlaqəli çağırışlar və s. aiddir.

Təxirəsalınmaz çağırışlar isə qeydiyyata alındıqdan sonra, 60 dəqiqədən gec olmayaraq təcili tibbi yardım briqadasına ötürülməlidir. Bu çağırışlara arterial təzyiqin nəzərəçarpan dəyişiklikləri, allergiya, baş ağrısı, qarında, kürəkdə ağrı və s. çağırışlar aiddir".

Baş həkim vurğulayıb ki, xəstələrin stasionarlara səmərəli paylanması məqsədi ilə Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməliyyat və hospital işlərin təşkili üzrə şöbəsi xəstəxanalarda, doğum evlərində və digər müalicə profilaktika idarələrində olan boş yerlərə dair sistematik məlumat alaraq, müvafiq hesabat aparır: "Stansiyanın maddi-texniki təchizatını yaxşılaşdırması məqsədi ilə zəruri addımlar atılır. Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının istifadəsinə ən müasir ilk yardım tibbi avadanlıqları, o cümlədən, immobilizasiya şinaları, defibrilyator, süni tənəffüs aparatı, kardiomonitor və s. ilə təchiz olunmuş yeni sanitar avtomobillər təqdim edilib".

O əlavə edib ki, bu gün stansiyanın avto parkında birdəfəlik 6 xəstəni götürmək qabiliyyətinə malik xüsusi nəqliyyat vasitələri var: "Bu maşınlardan fövqəladə və xüsusi hallarda istifadə olunur".

"Bəzən əhali tərəfindən həkimlərə təzyiqlər olur. Bu da ondan ibarətdir ki, əhalinin icbari tibbi müayinələrin aparılmasına baxmayaraq, insanlar tibb müəssisələrinə vaxtında müraciət etmirlər. Orqanizmdə hansısa xəstəlik gizli formada gedərək ağırlaşma halında bizə gecikmiş halda müraciət olunur. Bu da bəzi xəstəni ağır vəziyyətdən çıxarmağa həkimlərə mane olur. Nəticədə əhali tərəfindən belə hallar pis qarşılanır və həkimlərə qarşı hətta fiziki təzyiqlər də göstərilir. Bununla da həkimlərə olan münasibətdə mənfi rəy oyadır. Yaxşı olar ki, insanlar vaxtaşırı tibb müəssisələrinə müraciət edərək orqanizmlərində gedən gizli proseslər vaxtında aşkar edilsin və diaqnostikası, müalicəsi, vəziyyətin yüngülləşməsi müşahidə olunsun. Təcili yardımın da əsas iş prinsipi sırf ağır hallarda xəstəni bu vəziyyətdən çıxarmaqdan ibarətdir"- deyə baş həkim əlavə edib.

Baş həkimin müavini İradə Əliyeva isə deyib ki, Stansiyanın nəzdində ən müasir tədris avadanlıqları, simulyasion mulyajlarla, təcili tibbi yardımın sanitar avtomobilində olan avadanlıqlarla təmin olunmuş Təlim tədris mərkəzi fəaliyyət göstərir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi