Yuxarı

Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasında baş verən ölüm faktının səbəbləri açıqlanıb

Bütün səylərə baxmayaraq, xəstənin tənəffüs və ürək fəaliyyətini bərpa etmək mümkün olmayıb

Bakı. 9 dekabr. REPORT.AZ/ Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasında baş verən ölüm faktının səbəbləri açıqlanıb. Xəstəxananın baş həkimi Azad Quliyev "Report"a açıqlamasında hadisənin təfərrüatlarını danışıb.

Onun sözlərinə görə, Goranboy rayon sakini, 1983-cü il təvəllüdlü Xeyrənisə Mənsimova dekabrın 8-də saat 14.20 radələrində Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının reanimasiya şöbəsinə tənəffüs və ürək fəaliyyəti dayanmış hesab olunan vəziyyətdə daxil olub: "Yəni, həmin vaxt xəstənin həyat əlamətləri hiss olunmayıb. Buna görə də o, təcili olaraq reanimasiya şöbəsinin həkimləri tərəfindən süni tənəffüs aparatına qoşulub və lazımi tibbi yardım göstərilib. Bütün səylərə baxmayaraq, xəstənin tənəffüs və ürək fəaliyyətini bərpa etmək mümkün olmayıb. Saat 14.45-də X. Mənsimovada ölüm faktı qeydə alındı".

Baş həkim onu da qeyd edib ki, xəstənin yaxınlarının verdiyi məlumata görə, o, bir həftə əvvəl öd kisəsindən Dəliməmmədli şəhər Xəstəxanasında əməliyyat olunmuşdu: "Dünən isə o yarasının sarğısının dəyişdirilməsi üçün yenidən ora aparılıb. Lakin pilləkəndən düşən zaman xəstənin halı qəfil dəyişib və huşu itib. Xəstə həmin vəziyyətdə Goranboydan Gəncəyə gətirilib. Faktla bağlı polis idarəsinə rəsmi məlumat verilib və hadisə ilə əlaqədar araşdırma aparılır". 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi