Yuxarı

Gələn ildən Azərbaycanda üç valentli oral polimelitli vaksindən iki valentliyə keçiləcək

Bu ilin sonuna qədər Azərbaycana inaktivləşdirilmiş polimelit peyvəndi gətiriləcək

Bakı. 16 noyabr. REPORT.AZ/ "Gələn ilin ilk aylarında Azərbaycanda inaktivləşdirilmiş polimelit peyvəndinin tətbiqi nəzərdə tutulub. Qlobal Alyans tərəfindən bütün ölkələrə göndərilən peyvənd 6 ayı tamam olan uşaqlara 1 doza həcminə yalnız bir dəfə vurulacaq". Bu barədə "Report"a Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva məlumat verib.

Onun sözlərinə görə, vaksin bu ilin sonuna qədər ölkəyə gətiriləcək: "Bu da təxminən dekabr və ya yanvar ayının əvvəlinə təsadüf edəcək. Hazırda yalnız 3 ölkədə bu virusun sirkulyasiyası var. Bunun da qarşısını almaq məqsədi ilə bu tip vaksinlər paylanılır. Ona görə də nə qədər ki, bu xəstəlik yox olmayıb, həmin peyvəndlər digər ölkələrlə yanaşı, Azərbaycanda da tətbiq olunacaq. Bununla da tədricən oral polimelit vaksinindən inaktivləşdirilmiş polimelit vaksinlərinə keçid həyata keçiriləcək. Yəni, bu vaksinin tətbiqindən sonra gələn ilin aprel ayında Azərbaycanda üç valentli oral polimelitli vaksindən iki valentli oral polimelit vaksininə keçiləcək".

"İlkin mərhələdə ölkəyə 40-50 min arası vaksin gətirilməsi nəzərdə tutulub" - deyən Mərkəzin direktor müavini A.Əliyeva bildirib ki, əgər Azərbaycanda 170 minə yaxın 1 yaşa qədər uşaq doğulursa, həmin uşaqların hamısının əhatə olunması üçün lazımi miqdarda mərhələli şəkildə vaksin gətiriləcək.

O, həmçinin xatırladıb ki, yalnız bir dəfə - uşağın 6 aylığında vurulacaq peyvənd tam sağlam və həkim müayinəsindən keçən uşaqlara tətbiq olunacaq: "Vaksin ilk olaraq bizim mərkəzə veriləcək. Bundan sonra vaksin bir aylıq müddətdə lazım olan miqdarda bütün peyvənd məntəqələrinə , yəni poliklinikalara paylanacaq. Peyvəndin tətbiq olunacağı ilk aylarda Mərkəz tərəfindən nəzarət tədbirləri həyata keçiriləcək. Çünki əvvəldən bütün hazırlıq işləri görülüb və təlimlər olub. Xatırladım ki, dövlət tibb müəssisələrində aparılan bütün peyvəndlər pulsuz həyata keçirilir. Ümumilikdə isə ölkəyə gətirilməsi planlaşdırılan yeni vaksin də ödənişsizdir".  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi