Yuxarı

FHN rəsmisi Azərbaycanda suda boğulmaların əsas səbəblərini açıqlayıb

Mansur Piriyev: Sərxoş vətəndaşlar xilasedicilərə mane olurlar

Bakı. 10 avqust. REPORT.AZ/ "Çimərlik mövsümü başlayandan bu günə kimi baş verən boğulma hallarının böyük əksəriyyəti çimmək üçün qadağan olunmuş su hövzələrində qeydə alınıb". Bunu "Report"a açıqlamasında Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin təbliğat və təşkilat sektorunun müdiri Mansur Piriyev deyib.

Onun sözlərinə görə, boğulma halların qarşısını almaq üçün mütəmadi şəkildə vətəndaşlara müraciətlər olunur ki, yalnız xilasedicilərin fəaliyyət göstərdiyi çimərliklərdə istirahət etsinlər: "Harada gəldi çimmək olmaz. Çayda, göldə, su anbarında, yaxud da Xəzər dənizinin çimmək üçün ayrılmayan hövzələrində çimmək təhlükəlidir. Eyni zamanda, çimərliyə gələrkən və ya su hövzələrinə yaxınlaşarkən mütləq təhlükəsizlik qaydalarını öyrənib ona əməl etmək lazımdır".

Çimərliklərdə təhlükəsizlik qaydaları ilə bağlı həm Azərbaycan, həm də ingilis dilində lövhələrin quraşdırıldığını xatırladan nazirlik rəsmisi əlavə edib ki, bundan başqa, xilasedicilərə yaxınlaşıb onlardan müəyyən məlumatlar da almaq olar: "Hətta bəzi vaxtlar xilasedicilər özləri yaxınlaşıb insanlara müəyyən məsləhətlər verir, tələblər də qoyur. Ona görə də yaxşı olardı ki, vətəndaşlarımız bu kimi məsləhətlərə əməl etsinlər".

M.Piriyev vurğulayıb ki, spirtli içki qəbul edib çimməyə gedən insanların sayı çoxdur və onlar bununla həyatlarını təhlükəyə atırlar: "Bəzi çimərlik məkanları qadağan olunan yerlərdə fəaliyyət göstərirlər. Bu azmış kimi, həmin yerlərdə spirtli içki də satılır. Həmçinin, onlar içkili insanların suya girmələrinə də şərait yaradırlar. Boğulma hallarının da əksəriyyəti belə yerlərdə baş verir. Bu da xilasedicilərin digər işlərlə məşğul olması üçün maneə yaradır". 

O qeyd edib ki, vətəndaşlar hansısa ərazidə boğulma halı görən kimi, dərhal FHN-in "112" zəng xidməti ilə əlaqə saxlayıb məlumat verməlidirlər: "Biz hadisə yerinə ən yaxın məntəqədə olan xilasedicilərimizi dərhal həmin əraziyə göndəririk".

Qanunla icazə verilən və xilasedicilərin olduğu çimərliklərdə ölüm və suda boğulma hallarının olmadığını deyən sektor müdiri buna səbəb kimi həmin ərazilərdə olan xilasedicilərin bütün təhlükəsizlik tədbirlərini lazımi şəkildə yerinə yetirmələrini göstərib: "Onlar suda boğulan şəxsləri dərhal xilas edirlər. Ona görə də əsas məsələ insanların təhlükəsizlik qaydalarına ciddi əməl etmələridir".

M.Piriyevin sözlərinə görə, çimmək üçün qadağan olunmuş su hövzələrində ölüm faktları qeydə alınıb. O deyib ki, həmin yerlərdə də xilasedicilər və dalğıclar axtarış işləri həyata keçirirlər: “Qeydə alınan faktların əksəriyyəti çimmək məqsədilə dənizə gələnlərlə bağlı olmayıb. Ölüm halları ya intiharlar, ya kriminal hadisələr, ya da insanların spirtli içki qəbul etməsi nəticəsində baş verib. Biz bununla bağlı daha geniş araşdırma aparırıq. Yəqin ki, mövsümün sonunda dəqiq statistik rəqəmlər bilinəcək”.

Nazirlik rəsmisi bildirib ki, bu il yanvarın 1-dən avqustun 10-na kimi suda boğulma təhlükəsi ilə üzləşən 215 nəfər xilas olunub. Onlardan 143 nəfəri çimərlikdə, 72 nəfəri isə qadağan olunmuş su hövzələrində xilas olunub: "Statistikadan da aydın olur ki, qadağan olunmuş su hövzələrinə gedənlərin sayı çoxdur. Xilas olunanların 65 faizə yaxını gənclər, yeniyetmələr və uşaqlardır.

Çünki onlar daha çox nəzarətsiz qalırlar. Həm çimərliyə, həm də qadağan olunmuş su hövzələrinə uşaqlar valideynsiz gəlirlər. Dəfələrlə müşahidə etmişik ki, hansısa rayonun yaxınlığındakı çaylarda, göllərdə uşaqlar çimir. Bunlar da hamısı valideynin uşaqları nəzarətsiz buraxmalarının nəticəsidir. Ona görə də valideynlər məktəb tətili olan zaman bu məsələyə xüsusi diqqət yetirməlidir. Çünki uşaqlar təhlükəsizlik qaydalarını bilmirlər".

M.Piriyev deyib ki, suda boğulma zamanı ilk növbədə 112-yə zəng etmək lazımdır: "Digər məsələ isə insanın təşvişə düşməməsidir. Suda üzən hər hansı bir quru əşyadan tutmaq olar. Yaxud da bunu kənardan görən şəxs varsa və həmin insan da üzə bilmirsə, o zaman kənardan suda batmayan quru əşya atmalıdır. Üzə bilən şəxs varsa, həmin insan suda boğulana yardım edə bilər".

Xatırladaq ki, bir müddət əvvəl FHN çimərliklərlə bağlı təhlükəsizlik qaydaları ilə əlaqədar əhaliyə müraciət də edib. Müraciətdə qeyd olunub ki, çimərlikdə nəzərdə tutulmamış ərazilərdə çimmək, çimmə zonasının işarələnmiş sərhədlərindən kənara üzmək, küləkli havada dənizə girmək, çimərlikdə gecələmək, sərxoş halda çimərlikdə olmaq, suda kobud hərəkətlər etmək, çimərlikdə balıq tutmaq, xilasetmə texnikasından başqa digər qayıq və kiçik gəmilərlə çimərliyə daxil olmaq qadağandır. Həmçinin, çimərlikdə uşaqlar nəzarətsiz qalmamalı, xəbərdaredici nişan və lövhələrin göstərişlərinə, xilasedicilərin çağırış və tələblərinə sözsüz əməl edilməlidir. Qızmar günəş altında fasiləsiz dayanmaq, hava qaraldıqdan sonra suya daxil olmaq təhlükəlidir. Çimərliklərdə istirahət saat 09.00-dan 21.00-dək daha təhlükəsizdir.

Vaxtında, düzgün ilk yardım göstərməklə suda boğulanları xilas etmək olar. Suda boğulduqdan sonra ilk dəqiqələrdə zərərçəkmişlərin 90%-ni, 6-7 dəqiqə sonra isə 1-3%-ni xilas etmək mümkündür. Bunun üçün də suda boğulan şəxsə düzgün yardım etmək lazımdır.

Nazirlik suda boğulan şəxsə üzərək arxadan yaxınlaşmağı məsləhət görür. Çünki bəzən boğulan şəxsin təlaş içində qeyri-iradi sizdən tutması işinizi çətinləşdirə, hər ikiniz üçün təhlükə yarada bilər. Zərərçəkənin qeyri-iradi, təlaşlı hərəkətlərindən xilas olmaq üçün aktiv üsullardan biri də onu suya batırmaqdır. Belə bir şəraitdə o, suyun üzərinə qalxmaq üçün yardım göstərən şəxsi buraxmağa məcbur olur. Bundan sonra yardım göstərən şəxs suya baş vurmalı, boğulan şəxsi tapıb onun əlindən, saçlarından yapışıb təkan verməklə onunla birlikdə suyun üzərinə qalxmalıdır. Bu zaman yardım göstərən şəxs sərbəst qalan əli və ayaqları ilə intensiv hərəkət edib üzməlidir.

Boğulmuş şəxsi sahilə çıxardıqdan sonra onun vəziyyətindən asılı olaraq ilk yardım göstərilməlidir. Əgər zərərçəkmişin huşu özündədirsə, tənəffüs və nəbzi qənaətbəxşdirsə, onu başı aşağıya meylli olmaq şərtilə arxası üstə quru, sərt matras üzərində uzatmaq, quru dəsmal və ya əllə ovxalamaq və geyindirmək lazımdır. Zərərçəkmişə isti içkilər (çay, kofe) verib isti adyalla üstünü örtmək lazımdır.

Əgər zərərçəkmiş sudan çıxarıldıqdan sonra huşsuz vəziyyətdədirsə, amma nəbz və tənəffüsü qənaətbəxşdirsə, bu zaman onu başı aşağıya meylli olmaq şərtilə uzatmaq, başını arxaya qatlayıb alt çənəsini irəliyə çəkmək lazımdır. Bundan sonra barmağınızla (yaxşı olar ki, cib dəsmalını dolayıb) ağız boşluğunu qusuntu kütlələri, lildən təmizləyin və zərərçəkmişi qurulayıb isidin.

Zərərçəkmişin huşu özündə deyilsə, tənəffüs və ürək fəaliyyəti dayanıbsa, tənəffüs yollarını təmizlədikdən sonra ona süni tənəffüs verilməli, ürəyin qapalı masajı aparılmalıdır. Əlavə olaraq tənəffüs yollarından mayeni xaric etmək lazımdır. Bu məqsədlə yardım göstərən ayağını dizdən bükərək zərərçəkmişi qarnı üstə budunun üzərinə qoyub əli ilə onun kürəkləri arasındakı sahəyə güclü şəkildə təzyiq etməklə tənəffüs yollarından suyu xaric etməlidir. Bu əməliyyat süni tənəffüsün verilməsinin gecikdirilməməsi üçün 10-15 saniyədən çox çəkməməlidir.

Beləliklə, suda boğulana ilk yardım göstərməklə kritik vəziyyətdən çıxandan sonra zərərçəkmişi xəstəxanaya aparmaq lazımdır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi