Yuxarı

Dünyada hər il görmə problemləri olan insanların sayı 45 min artır

Bu gün dünya görmə günüdür

Bakı. 8 oktyabr. REPORT. AZ / Bu gün dünya görmə günüdür. "Report" xəbər verir ki, Dünya Görmə Günü (World Sight Day) Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) təşəbbüsü ilə oktyabrın ikinci cümə axşamı günü qeyd olunur.

Bu tarix korluq problemləri, görmə qabiliyyətinin pisləşməsi və göz pozğunluğu olan insanların reabilitasiyası kimi məsələlərə qlobal diqqətin çəkilməsi üçün təqvimə salınıb.

Beynəlxalq Korluğun Profilaktikası Agentliyinin məlumatına görə, dünyada təxminən görmə problemi olan 300 milyon adamın 41 milyonu korluqdan əziyyət çəkir. Korluqdan əziyyət çəkən insanların 82%-i yaşı 50-dən yuxarı olanlardır.

Görmə problemləri olan insanların 19 milyonu uşaqlardır, onlardan 1,5 milyon uşaq tam korluqdan əziyyət çəkir. Dünyada hər il görmə problemləri olan insanların sayı 45 min artır.

Qeyd edək ki, korluq – görmə qabiliyyətinin itirilməsidir. Xroniki korluğun əsas səbəbləri katarakta, qlaukoma, gözün tor qişasındakı sarı ləkənin yaşlanma ilə əlaqədar degenerasiyası, buynuz qişasının ləkələnməsi, zədə, uşaqlarda anadangəlmə göz xəstəlikləridir. Dünyada, həmçinin yaşın artması və nəzarət olunmayan şəkər xəstəliyi ilə bağlı korluq da geniş yayılıb.

Mütəxəssislərin rəyinə görə, vaxtında müayinə və müalicə etməklə korluq hallarının 80%-nin qarşısını almaq mümkündür.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi