Yuxarı
    Bağlamaq

    Direktor: "Azərbaycanda yoluxucu xəstəliklərlə bağlı azalma tendensiyası müşahidə olunur"

    Əsas müraciətlər mövsümi qriplə əlaqəlidir

    Bakı. 12 may. REPORT.AZ/ "Ötən illərlə müqayisədə son 4 ayda Azərbaycanda yoluxucu xəstəliklərlə bağlı azalma tendensiyası müşahidə olunur. Əsas müraciətlər isə mövsümi qriplə əlaqəli olub. Əvvəlki illərə nisbətən bu sahədə azalma qeydə alınıb".

    "Report"un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Səhiyyə Nazirliyinin Respublika Taun Əleyhinə Stansiyasının direktoru Rakif Abdullayev deyib.

    Onun sözlərinə görə, hazırda Azərbaycanda yoluxucu xəstəliklərlə bağlı vəziyyət tam stabildir: "Bu sahədə heç bir çətinlik yoxdur, çünki hər şey çox yüksək səviyyədə təşkil olunub".

    Stansiyaya yay mövsümündə əsas vəba xəstəliyi ilə bağlı müraciətlərin daxil olduğunu deyən R.Abdullayev qeyd edib ki, bu aydan başlayaraq oktyabr ayına kimi 16 stasionar nöqtədə açıq su mənbəyindən su nümunələri götürülərək yoxlanılır.

    O, həmçinin vurğulayıb ki, digər yoluxucu xəstəliklər, eləcə də quş qripi ilə bağlı heç bir təhlükə yoxdur: "Çünki yay fəslində belə hallar demək olar ki, müşahidə olunmur. Buna səbəb yayda quşların miqrasiyasının olmamasıdır. Sərhədlərdə bütün stansiyalarımızın yoxlama komissiyaları fəaliyyət göstərir. Bütün hərarəti xəstələr yoxlanılır. Əgər onlarda hansısa yoluxucu xəstəliklər aşkar olunarsa, həmin şəxslər Ağciyər Xəstəlikləri İnstitutunda hospitallaşdırılır və müayinələri aparılır".

    Taun Əleyhinə Stansiyanın direktoru onu da əlavə edib ki, iki aydan sonra stansiyanın binası yeni ünvana köçəcək: "Orada da müasir tipli laboratoriya fəaliyyət göstərəcək. Yeni bina Nizami rayonu ərazisində olacaq. Hazırda həmin binada son tamamlanma işləri gedir. Orada 4 səviyyəli laboratoriyadan 3-ü təşkil olunacaq".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi