Yuxarı

Azərbaycanda dərman vasitələrinin reklamı ilə bağlı yeni qadağalar tətbiq olunacaq

İnsanda reklam olunan dərmanın istifadəsinin zəruriliyi barədə təsəvvür oyatmaq qadağan ediləcək

Bakı. 2 fevral. REPORT.AZ/ Azərbaycanda dərman vasitələrinin reklamı ilə bağlı yeni qadağaların tətbiqi nəzərdə tutulur. "Report"un xəbərinə görə, bu barədə "Reklam haqqında" yeni qanun layihəsində qeyd edilir.

Yeni qanun layihəsinə əsasən, Azərbaycanda yalnız həkim resepti olmadan buraxılan, müvafiq icra hakimiyyəti tərəfindən sertifikatlaşdırılmış dərman vasitələri, istifadəsi və tətbiqi müvafiq icra hakimiyyəti orqanı tərəfindən qadağan olunmamış tibbi təyinatlı texnika, müalicə, profilaktika, diaqnostika və reabilitasiya metodları reklam oluna bilər.

Dərman vasitələrinin qəbulu və tibbi texnikadan istifadə əlavə təsirlə müşayiət olunduqda reklamda bu barədə məlumat verilməli, həkimlə məsləhətləşmənin zəruriliyi qeyd olunmalıdır. Müvafiq qeyd kütləvi informasiya vasitələri ilə reklamın sahəsinin ən azı 7 faizini tutmalı, 5 saniyədən az müddətdə səsləndirilməlidir.

Yeni layihəyə görə, həkim resepti olmadan buraxılan dərmanların reklamı üçün yetkinlik yaşına çatmayan şəxslərə müraciət edilə bilməz. Reklam olunan dərman vasitəsinin istifadəsi nəticəsində insanın xəstəliklərdən sağalmasının konkret hallarına istinad etmək, reklam olunan dərman vasitəsinin istifadəsi ilə bağlı fiziki şəxslərin minnətdarlığını ehtiva etmək olmaz.

Yeni layihəyə görə, belə reklamlar zamanı sağlam insanda reklam olunan dərmanın istifadəsinin zəruriliyi barədə təsəvvür oyatmaq qadağandır. Reklam olunan dərmanın təbii mənşəli olması, onun təhlükəsiz olmasına təminat verilməsi barədə məlumatın yayılmasına da icazə verilmir. İstifadəsi üçün xüsusi hazırlıq tələb olunan dərmanlar, tibbi texnika barədə yalnız tibb sahəsində ixtisaslaşdırılmış çap nəşrlərində, tibb işçiləri və əczaçılar üçün keçirilən tədbirlərdə yayımlana bilər.

Layihə Milli Məclisin iclasında ilk oxunuşda qəbul edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi