Yuxarı

Bu gün Ümumdünya immunitet günüdür

Azərbaycanda 11 yoluxucu xəstəliyə qarşı uşaqlar peyvənd olunur

Bakı. 1 mart. REPORT.AZ/ "Hazırda Azərbaycanda 11 yoluxucu xəstəliyə qarşı uşaqlar peyvənd olunurlar. Bu, inkişaf etmiş Avropa ölkələri ilə bir səviyyədədir və Azərbaycanda əhalinin peyvəndi dövlət hesabına tam pulsuz həyata keçirilir". "Report"un məlumatına görə, bu barədə Səhiyyə Nazirliyinin rəsmi saytı məlumat yayıb. 

İmmunitet sistemi hələ döl ananın bətnində olarkən formalaşmağa başlayır və uşaq müəyyən müddət bətn daxilində anadan cift vasitəsilə aldığı və doğulduqdan sonra ana südü ilə əldə etdiyi immun faktorlarla qorunur. "Bundan sonra hər hansı bir mikroorqanizmlə təmas immun sistemin "yaddaşına" həkk olunur, gələcəkdə insanları həmin xəstəlikdən qoruyur və hər bir virusa, bakteriyaya özünəməxsus spesifik cavab verir. Peyvənd sistemi də bu prinsip üzərində qurulub. Orqanizmi bir sıra ağır xəstəliklərdən (vərəm, poliomielit, difteriya, qızılca, göyöskürək və s.) qorumaq üçün uşaqlar dünyaya gəldiyi vaxtdan etibarən peyvənd olunurlar. Əgər peyvənd olmasaydı dünyada bu xəstəliklərin qorxunc epidemiyaları tüğyan edərdi", - nazirlikdən bildirilib. 

Xatırladaq ki, hər il mart ayının 1-i Ümumdünya immunitet günü kimi qeyd olunur. Bu gün Ümumdünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə 2002-ci ildən qeyd olunmağa başlanmışdır. Bu günün məhz baharın başlanğıcında seçilməsi də təsadüfü deyil. Belə ki, immun sisteminin funksiyasının zəifləməsi halları bu fəsildə daha qabarıq şəkildə özünü biruzə verir.

Bu günün qeyd olunmasında əsas məqsəd immun sisteminin insan orqanizmdəki mühüm əhəmiyyətini əhaliyə çatdırmaq və onun möhkəmləndirilməsi yollarını göstərməkdən ibarətdir.

İmmunitet sözü latıncadan xilas olmaq kimi tərcümə olunur və mənaca immun sistemini, orqanizmi genetik yad ünsürlərdən qorumaq qabiliyyəti kimi qiymətləndirilir. İmmunitet anadangəlmə (qeyri-spesifik) və adaptiv (qazanılmış, spesifik) olmaqla 2 yerə bölünür. Məlum olduğu kimi əhatəmizdə milyonlarla bakteriyalar, viruslar və allergenlər mövcud olduğu və biz onlarla daim təmasda olmağımız halda xəstələnmirik. Buna səbəb məhz güclü immun sistemidir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi