Yuxarı

Bu gün Ümumdünya Autizm Haqqında Məlumatlandırma Günüdür

Bu gün BMT-nin Baş Assambleyasının 2007-ci il 18 dekabr tarixli qərarı ilə təsis olunub

Bakı. 2 aprel. REPORT.AZ/ 2 aprel - Ümumdünya Autizm Haqqında Məlumatlandırma Günüdür (World Autism Awareness Day).

"Report" xəbər verir ki, bu gün 2008-ci ildən qeyd olunur, BMT-nin Baş Assambleyasının 2007-ci il 18 dekabr tarixli qərarı ilə təsis olunub.

Autizm üç yaşına qədər başlayan və məhdud davranışlara gətirib çıxaran, beynin inkişafına təsir edən bir xəstəlikdir. Dünyada böyük bir bəlaya çevrilən autizm daha çox nitq və davranışda qeyri-adiliklə, pozuntularla müşayiət olunur.

Latınca “autismus” sözünün mənası “özü” deməkdir. Autizm beyin inkişafı pozğunluğudur. Uşağın əsəb sistemlərində yaranan pozğunluq beynin normal və düzgün işləməməsinə səbəb olur. Bu da qeyd olunan xəstəliyin yaranmasına gətirir. Bütün dünyada yayılan autizm daha çox oğlan uşaqlarında müşahidə olunur.

Təqribən dünya əhalisinin 1 faizi, yəni 70 milyon əhali autizmin qurbanıdır. Qeyri-rəsmi statistikaya görə, Azərbaycanda isə 3500 uşaq bu xəstəliyin daşıyıcısıdır. XXI əsrin qlobal problemi hesab edilən autizm Azərbaycanda da ən aktual bir mövzudur. Azərbaycanda autizm xəstəliyinə tutulan uşaqların sosial müdafiəsi gündəmdədir.

Bu tarixi gün bütün dünya ölkələrində olduğu kimi, artıq bir neçə ildir ki, Azərbaycanda da geniş miqyasda qeyd edilir. 2012-ci ildə Heydər Əliyev Fondunun və UNICEF-in dəstəyi ilə Bakı aprelin 2-də beynəlxalq miqyasda qeyd olunan “Mavi işıqla işıqlandır” aksiyasını həyata keçirmək üçün dünyanın digər şəhərlərinə qoşulub. Dənizkənarı Milli Parkdakı Bakı Biznes Mərkəzi mavi işıqla işıqlandırılıb. 2013-cü ildə isə Heydər Əliyev Fondu, UNICEF və Autizm Defektoloji və Psixoloji Yardım Mərkəzi İctimai Birliyinin birgə layihəsi əsasında “Four Seasons” hoteli mavi işıqla işıqlandırılıb. “Mavi işıqla işıqlandır” “aksiyası getdikcə yayılmaqda olan autizm xəstəliyi haqqında insanların məlumatını artırmağa yönəldilmiş nadir qlobal təşəbbüsdür. Həmin gün Yer kürəsinin müxtəlif ölkələri öz dəstəklərini göstərmək üçün şəhərlərinin ən nəzərə çarpan binalarının birini mavi işıqla işıqlandırırlar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi