Bakı. 19 mart. REPORT.AZ/ "Bayram süfrəsində boşqabdakı yemək porsiyasını üç yerə bölmək lazımdır. Qida rasionunun 1/3 hissəsini tərəvəz, 1/3 hissəsini ət, digər 1/3 hissəsini isə çörək qrupuna aid qidalar təşkil etməlidir".
Bunu “Report”a açıqlamasındahəkim-dietoloq Tutu Zeynalova Novruz bayramı günlərində düzgün qidalanmaya necə riayət edilməsindən danışarkən bildirib.
Onun sözlərinə görə, bəzi insanlarda bayramda süfrəyə düzülən yeməklərin onlar üçün son şans olduğu, şəkərbura, paxlava və digər şirniyyatları daha sonra heç vaxt dada bilməyəcəkləri təəssüratı yaranır: "Təbii ki, bayram günlərində ən böyük problemlərdən biri yuxudan gec oyanmaq və səhər yeməyini yeyə bilməməkdir. Günortanı çayla şəkərbura və digər şirniyyatları qəbul etməklə yola verir və axşama kimi ac qalırıq. Bayram süfrəsində isə həddindən çox qida qəbul edirik. Bu da səhhətimizə həqiqətən mənfi təsir göstərir. Ona görə də səhər saat neçədə oyanılmasından asılı olmayaraq, qida qəbul olunmalıdır. Ancaq səhər yeməyi zamanı şirniyyat qəbulu lazım deyil. Bu zaman daha çox protein əsaslı, yəni kəsmik, yulaflı sıyıq kimi qidalara üstünlük verilməlidir. Çünki boş mədəyə şəkərli qida qəbul olunduğu zaman qanda şəkərin miqdarı sürətlə artır”.
T.Zeynalova deyib ki, bayram şirniyyatlarının yeməkarası fasilələrdə qəbul edilməsi məsləhət görülür: “Bunu da saat 17:00-a kimi etmək məsləhətdir. Şübhəsiz, bütün şirniyyatların hamısını bir gündə yemək də düzgün deyil. Məsələn, bu gün paxlava yeyilibsə, ertəsi gün yalnız şəkərbura qəbul olunmalıdır. Bundan başqa, həmin gün bu sinfə aid qidaların qəbul edilməməsinə də diqqət yetirmək lazımdır. Yəni həmin gün tərkibində un, yağ və şəkər olan başqa qidalardan uzaq durmaq vacibdir. Bunu da, əsasən, şəkərli diabetdən əziyyət çəkən xəstələr nəzərə almalıdırlar".
Həkim-dietoloq qeyd edib ki, bayram günü çörəyin miqdarının azaldılması da yaxşı olardı: “Hətta meyvə və çərəzlərin istifadəsini də minimuma endirmək zəruridir. Çünki bu ehtiyacımızı paxlava və şəkərbura ilə təmin edirik. Məsələn, nahar zamanı yağsız supdan və salatdan istifadə etmək olar. Eyni zamanda bayram süfrəsində salatların mayonezsiz olması məsləhətlidir. Hər bayramda, adətən, plovun olması qaçılmazdır. Lakin 3-4 qaşıq düyünün bir dilim çörəyə bərabər olduğu da unutmaq lazım deyil. Ona görə də plovu az yemək məqbuldur və yanında qatıq da qəbulu yaxşı olar. Çünki bu, həzm və köp probleminin aradan qalxmasına kömək edəcək”.
T.Zeynalova vurğulayıb ki, masadan qalxdıqdan sonra dərhal çay süfrəsinə keçilməməlidir, yarım saat təmiz havada gəzmək daha yaxşı olar: "Bundan sonra çayla şirniyyat qəbul etmək mümkündür. Bundan başqa, qohumlarla bayramlaşmağa gedəndə piyada gəzintiyə üstünlük verilməlidir. Müasir insanın yaşam tərzi oturaq həyat tərzinə məcbur edir. Bu səbəbdən də bayram günlərində piyada gəzmək üçün vaxtın olmasından faydalanmaq lazımdır”.