Yuxarı
    Bağlamaq

    Baş pediatr uşaqlar arasında qrip virusunun yayılmasına münasibət bildirib

    “Mövsümün dəyişməsinin qriplə heç bir əlaqəsi yoxdur”

    Bakı. 28 mart. REPORT.AZ/ “Hazırda Azərbaycanda körpələr və uşaqlar arasında qrip virusu ilə bağlı ciddi problem yoxdur və ölkədə heç bir epidemioloji vəziyyət hökm sürmür”.

    Bunu “Report”a K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru, respublikanın baş pediatrı Nəsib Quliyev deyib.

    Onun sözlərinə görə, payız, qış və yaz fəslinin əvvəlində iqlimlə bağlı mövsümi xəstəliklər özünü büruzə verir: “Hazırda da mövsümi xəstəliklər var, amma heç bir narahatlığa əsas yoxdur. Ona görə də valideynlər qışın hazırlığını yayda görməlidirlər. Yayda soyuq aylarda az xəstələnmələri üçün uşaq orqanizmini gücləndirmək lazımdır. Uşaqlar xəstələnəndə də mütləq şəkildə sahə üzrə fəaliyyət göstərən poliklinikalara aparılmalıdır. Əgər uşaqda qızdırma bir həftədən çox davam edərsə, o zaman onda iltihab əlamətləri var. Ona görə də həmin uşağı dərhal həkimə aparmalı, diaqnoz qoyulmalı və bundan sonra addekvat müalicə üsulu icra olunmalıdır”.

    Azərbaycan Tibb Univeristetinin (ATU) Terapevtik və pediatrik propedevtika kafedrasının assisenti Sveta Rəfiyeva isə “Report”a bildirib ki, mövsümün dəyişməsinin qriplə heç bir əlaqəsi yoxdur: “Sadəcə soyuq aylarda insanlar daha sıx olan mühitdə olurlar. Yayda isə hər kəs bayırda olur. Sağalma müddəti isə fərdə görə dəyişir. Çünki hər bir uşağın immun sisteminin göstəricisi fərqlidir. Qızdırma bir neçə gün davam edirsə, bu, xəstəliyin ağırlaşmasıdır”.

    Onun sözlərinə görə, bu gün qripə qarşı profilaktik peyvəndlər mövcuddur: “Bu isə uşaqların xəstələnməyəcəyi demək deyil. Sadəcə xəstələnmələrin sayı azalır və xəstəlik daha yüngül keçir. Müəyyən dərman vasitələri ilə də qripin ilkin mərhələsində qarşısını almaq mümkündür. Qızdırmalı uşaqların ilıq və ya soyuq vanna qəbul etməsi düzgün deyil. Biz sadəcə soyuq araq və ya su ilə sadəcə onun bədənini soyuduruq. Bu, valideynin tibbi savadının olmaması deməkdir. Ona görə də xəstə olan uşaqları vaxtında həkimə aparmaq lazımdır”. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi