Yuxarı

Azərbaycanın baş pediatrı 1 ampula peyvəndin bir neçə uşağa vurulması məsələsinə aydınlıq gətirib

Nəsib Quliyev: Peyvəndlərin keyfiyyətinin fərqli olması ilə bağlı deyilənləri ciddi qəbul etmirik

Bakı. 23 may. REPORT.AZ/ K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru, ölkənin baş pediatrı Nəsib Quliyev 1 ampula peyvəndin bir neçə uşağa vurulması məsələsinə aydınlıq gətirib.

"Report"un məlumatına görə, bu gün institutda keçirilən tədbirdə çıxış edən N.Quliyev deyib ki, peyvəndlər müxtəlif dozalarda olur: "Azərbaycan milyonlarla doza vaksini 1 dozadan 20 dozaya kimi olan flakonlarda alır. Çox dozalıq flakonların alınmasının da bir çox üstün cəhətləri var.

Birinci şərt onun qiymətinin dəfələrlə ucuz olmasıdır. Bir dozalıq vaksin 10 manata alındığı halda, 20 dozalıq vaksini də eyni qiymətə almaq olar. Vaksinin tək dozada alınmasının heç bir xeyri yoxdur. Ona görə də bir flakonla 1-5-10-20 nəfərlik dozada vaksinlər alınır. Məsələn, Bakıda uşaqların sayı çox olduğundan şəhərdəki poliklinikalara çox dozalıq peyvəndlər verilir. Rayon yerlərində uşaqların üçü və ya beşi eyni vaxtda anadan olanda həmin əraziyə az dozalıq flakonlar paylanır. Lakin vaksinin tərkibində heç bir fərq olmur".

Baş pediatr qeyd edib ki, vaksin preparatlarının hər birinin özünün təlimatı var: "Ümumiyyətlə, açılmış flakon bir neçə saat ərzində istifadə edilərək atılır. Hər bir poliklinikada peyvənd olunacaq uşaqların əvvəlcədən siyahısı tutulur və onlar üçün gün təyin edilir. Məsələn, peyvənd vurulmaq üçün 50 nəfər uşaq gələcəksə, onda 50 dozalıq 5 flakon hazırlanır və uşaqlara vurulur. Əgər qalıq qalırsa atılır".

Eyni zamanda, N.Quliyev Şərqi və Avropa ölkələrindən gətirilən peyvəndlərin keyfiyyətinin də fərqli olması ilə bağlı deyilənlərə də münasibət bildirib. Onun sözlərinə görə, Azərbaycana uşaqların peyvəndi üçün lazım olan bütün preparatlar dövlət hesabına gətirilir və pulsuz vurulur: "Peyvənd istehsal edən zavodların heç biri işlədiyi ölkəyə aid deyil. Yəni peyvənd istehsal edən zavodların hamısına bir mərkəzdən - Ümumdünya Səhiyyə Təşkilatının Strateji Nəzarət Qrupu tərəfindən nəzarət edilir. Zavodun hansı dövlətin ərazisində fəaliyyət göstərməsindən asılı olmayaraq, bir mənbədən lisenziya alırlar. Ona görə də peyvəndlərin keyfiyyətinin fərqli olması ilə bağlı deyilənləri ciddi qəbul etmirik".

Onun sözlərinə görə, bölgələrdə də uşaqların peyvəndə cəlbi ilə bağlı vəziyyət yaxşılaşıb: "Artıq bəzi bölgələrdə uşaqların peyvəndə cəlb edilməsi ilə bağlı vəziyyət paytaxt Bakıdan daha yaxşıdır. Amma 10 il bundan qabaq bunu demək mümkün deyildi".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi