Baş mama-ginekoloq: "Son vaxtlar Azərbaycanda uşaqlıqdan kənar hamiləliklərin sayı artıb"

Baş mama-ginekoloq: "Son vaxtlar Azərbaycanda uşaqlıqdan kənar hamiləliklərin sayı artıb" Bunu vaxtında aşkar etdikdə cərrahiyyə müdaxiləsi olmadan problemi aradan qaldırmaq mümkündür
Sağlamlıq
21 Fevral , 2017 12:42
Baş mama-ginekoloq: Son vaxtlar Azərbaycanda uşaqlıqdan kənar hamiləliklərin sayı artıb

Bakı. 21 fevral. REPORT.AZ/ “Son vaxtlar bütün dünyada olduğu kimi Azərbaycanda da uşaqlıqdan kənar hamiləliklərin sayı artıb”.

“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyasının sədri, Respublika Perinatal Mərkəzinin baş həkimi, ölkənin baş mama-ginekoloqu Sevinc Məmmədova deyib.
Onun sözlərinə görə, belə olan halda bunu vaxtında aşkar etdikdə cərrahiyyə müdaxiləsi olmadan problemi aradan qaldırmaq mümkündür: “Əgər qadın hamiləliyin 6-7 həftəlik müddətində həkimə müraciət edərsə, qadın məsləhətxanasının həkimi müayinələr apararaq bu hamiləliyin uşaqlıq və ya boruda olmasını təyin edir”.
Ölkənin baş mama-ginekoloqu vurğulayıb ki, müasir texnologiyalar xəstəxana şəraitində xüsusi dərmanlardan istifadə edərək heç bir cərrahi müdaxilə olmadan qadının bu hamiləlikdən sağlam şəkildə xilas olunmasına imkan verir: “Ona görə də hamiləliyin ilk günlərində həkimə müraciət etmək uşaqlıqdan kənar hamiləliyin profilaktikasında önəmli rol oynayır”.

Nazirlik rəsmisi onu da əlavə edib ki, qadınlar hamilə qaldığı zaman 12 həftəliyində qadın məsləhətxanasına müraciət edərək müayinədən keçməlidir:  "Hamilələrin qadın məsləhətxanasına növbəti gəlişi 18-ci həftədən 20-ci həftəyə kimi olmalıdır. Çünki üç aylığında ana bətnində olan döl artıq formalaşmağa başlayır. Əgər döldə hansısa kobud qüsurlar varsa, bunu həmin müddətdə görmək mümkün olur. Əgər həmin qüsurlar yaşama qabiliyyəti olmayan qüsurdursa, onda qadına tibbi şəraitdə bu hamiləliyi sonlandırmaq təklif edilir”.

O, həmçinin xatırladıb ki, 2006-cı illə müqayisədə bu gün ölkədə ana ölümlərinin səviyyəsi hər 100 min doğulmuşa 13,8 promilə çatıb: “Burada nəinki stasionar həkimlərin, antinental qulluq göstərən həkimlərin də böyük rolu var. Ölkədə antinental qulluq qanunlara uyğun şəkildə qadın məsləhətxanalarında göstərilir. Bu gün onların vəzifə borcları kifayət qədər çoxdur”.

Son xəbərlər

Orphus sistemi