Baş endokrinoloq: "Azərbaycanda amputasiya olunan xəstələrin 25 faizi şəkərli diabetdən əziyyət çəkir"

Baş endokrinoloq: "Azərbaycanda amputasiya olunan xəstələrin 25 faizi şəkərli diabetdən əziyyət çəkir" Son on ildə şəkərli diabetdən əziyyət çəkənlərin sayı 4 dəfə artıb
Sağlamlıq
14 Noyabr , 2016 17:07
Baş endokrinoloq: Azərbaycanda amputasiya olunan xəstələrin 25 faizi şəkərli diabetdən əziyyət çəkir

Bakı. 14 noyabr. REPORT.AZ/ "Amputasiya olunan xəstələrin təqribən 25 faizi şəkərli diabetdən əziyyət çəkənlərin payına düşür". 

"Report"un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın baş endokrinoloqu Rafik Məmmədhəsənov deyib.

Onun sözlərinə görə, korluğun 25-30 faizi, hemodializ müalicəsi alan xəstələrin isə təxminən 50 faizi şəkərli diabetdən əziyyət çəkir: "Bütün inkişaf edən dövlətlərdə şəkərli diabet xəstələrinin sayı artmaqdadır. Dünyada 2000-cı ildə belə xəstələrin sayı 171 milyon olub. Proqnozlara görə, bu rəqəm 2020-ci ildə iki dəfə artacaq və 360 milyon olacaq. Lakin bu ilin rəqəmlərinə əsaslansaq, hazırda dünyada 400 milyondan çox insanın bu xəstəlikdən əziyyət çəkdiyini görərik".

Şəkərli diabetlə bağlı dövlət proqramı hazırlananda (2005-ci il) ölkədə 56 min xəstənin olduğunu xatırladan baş endokrinoloq qeyd edib ki, proqram qəbul olunduqdan sonra xəstələrin sayı durmadan artıb: "Hazırda Azərbaycanda qeydiyyatda olan şəkərli diabet xəstələrinin sayı 220 mindən çoxdur. Bu gün də xəstəliyini gizlədən insanlar var. Bu da gələcəkdə xəstəliyin sayında artıma öz təsirini göstərəcək".

O, eyni zamanda vurğulayıb ki, insanların gün boyu qəbul etdiyi qidaların əksəriyyəti karbohidratlardır: "Şəkərli diabetdən əziyyət çəkənlərin 10 faizi I tip, yerdə qalanları isə II tip xəstələrdir. II tip şəkərli diabet çox mürəkkəbdir. Bunun ən başlıca səbəbi hipordinamiya (hərəkətsizlik), piylənmə - düzgün olmayan qidalanma və stressdir. Müasir dövrdə insanları şəkərli diabetə düçar edən başlıca faktor stressdir. Həyat şəraitinin dəyişməsi də bu xəstəliyə zəmin yaradır. İndiki dövrdə insanların həyat tərzi əvvəlki illərə nisbətən fərqlidir. Qlükozanı yandırmaq üçün hərəkət etmək mütləqdir".

R.Məmmədhəsənov əlavə edib ki, bu xəstəlikdə genetik amillər də rol oynayır: "Atada şəkərli diabet xəstəliyi varsa, bunun övlada ötürülmə faizi 35, anadan ötürülməsi faizi isə iki dəfə azdır. Şəkərli diabetin fəsadları daha çoxdur. Dövlətin qayğısı nəticəsində bu gün şəkərli xəstələrin orta yaşama ömrü çox uzanıb. Komada olan xəstələrin çox az hissəsi dünyasını dəyişir. Əksəriyyəti isə diabetin fəsadlarından vəfat edir". 

Son xəbərlər

Orphus sistemi