Yuxarı
    Bağlamaq

    Barəsində cinayət işi başlanmış həkim-pediatr: “Hazırda iş başındayam”

    “Vəzifəmi icra edirəm”

    Bakı. 29 mart. REPORT.AZ/ Barəsində cinayət işi başlanmış Cəbrayıl rayon məkəzi xəstəxanasının 1 saylı sahə xəstəxanasının həkim-pediatrı Eldar Məmmədov hazırda vəzifə başındadır. Bu barədə “Report”a açıqlamasında o, özü məlumat verib.

    O, 184 min manat məbləğində pulu dələduzluq yolu ilə alması barədə Baş Prokurorluğun açıqlamasına da münasibət bildirib: “Pulu mən almamışam, mənim əlimlə alıb başqasına veriblər”.

    E.Məmədov qeyd edib ki, sakinlərdən pul alan şəxs nə onlara vəd etdiyi əlillik dərəcəsini “düzəldib”, nə də pulları geri qaytarıb. “Mən özüm hazırda iş başındayam və vəzifəmi icra edirəm”, - o, əlavə edib.

    Qeyd edək ki, bu gün Baş Prokurorluğun mətbuat xidməti korrupsiya faktı ilə bağlı açıqlama yayıb. Açıqlamada bildirilib ki, Cəbrayıl rayon məkəzi xəstəxanasının 1 saylı sahə xəstəxanasının həkim-pediatrı Eldar Məmmədovun qanunsuz əməlləri barədə Cəbrayıl rayon prokurorluğundan daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

    Araşdırmalar zamanı E.Məmmədovun Biləsuvar rayonu ərazisində məskunlaşmış 130 nəfər Cəbrayıl rayon sakininə, o cümlədən 81 nəfər 16 yaşına çatmamış şəxsə əlillik dərəcəsi verilməsi adı ilə həmin şəxləri aldadaraq onlardan və ailə üzvlərindən ümumilikdə 184 min manat məbləğində pulu dələduzluq yolu ilə almasında şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 178.3.2-ci (qulluq mövqeyindən istifadə etməklə külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə cinayət işi başlanıb.

    Hazırda cinayət işi üzrə vətəndaşların pozulmuş hüquqlarının bərpası və təqsirkar şəxs və ya şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində zəruri istintaq tədbirləri davam etdirilir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi