Yuxarı

Bakının baş infeksionisti: "Bu il 60 nəfər qidadan zəhərlənib"

Vətəndaşlar qida məhsullarını alarkən mütləq onların vaxtına və saxlanma müddətinə diqqət etməlidirlər

Bakı. 8 iyun. REPORT.AZ/ "Bu ilin 5 ayı ərzində 60 nəfər qida zəhələnməsi ilə bağlı Klinik Tibbi Mərkəzə müraciət edib. Onlardan 30-35 nəfərinin vəziyyəti yüngül olduğundan 24 saat ərzində müvafiq yardım göstərilərək evə buraxılıblar. Qalan 25-30 nəfərin isə vəziyyəti ağır olub və onlar 5-7 gün ərzində müalicə olunaraq evə göndəriliblər".

"Report"un xəbərinə görə, bunu Klinik Tibbi Mərkəzin kəskin bağırsaq infeksiyaları şöbəsinin müdiri, Bakının baş infeksionisti Gülnarə Babayeva keçirdiyi brifinqdə deyib.

O bildirib ki, qida zəhərlənmələrində artıq məhsulların mövsümi anlayışı qalmayıb: "Əgər əvvəllər yaz mövsümünə aid olan meyvə-tərəvəzlərlə bağlı zəhərlənmə müşahidə olunurdusa, indi bütün ilboyu istənilən meyvə-tərəvəzdən istifadə olunur. Sadəcə tövsiyə edərdim ki, hər meyvə-tərəvəz öz mövsümündə qəbul edilsin. Qış aylarında satılan qarpız təbii ki, gübrəylə yetişdirilən məhsuldur. Ona görə də xroniki mədə-bağırsaq problemləri olan insanlarda sözsüz ki, qarpızdan istifadə qida zəhərlənməsinə səbəb ola bilər. Ət və süd məhsullarına gəlincə, belə qidaların böyük marketlərdən alınması məqsədəuyğundur. Çünki həmin məhsullar sanitar-epidemioloji nəzarətdən keçirilirlər. Eyni zamanda, vətəndaşlar qida məhsullarını alarkən mütləq onların vaxtına və saxlanma müddətinə diqqət etməlidirlər".

Bakının baş infeksionisti bildirib ki, qida zəhərlənməsinin ağır forması olan botulizmin ilk 3 günündə müvafiq zərdab qəbul edilməsə, xəstənin vəziyyəti ağırlaşa və ölümlə nəticələnə bilər: "Qida zəhərlənməsinə məruz qalan insan xəstəxanaya gətirənə qədər ev şəraitində ilk yardım kimi mədəsi yuyula bilər. Belə ki, evdə soda və adi su məhlulu ilə xəstənin mədəsini təmizləmək olar. Qida zəhərlənməsinin yüngül forması yeməkdən 30 dəqiqə sonra, ən ağır forması isə 24 saat ərzində özünü büruzə verir. Bu, mədə bulanması, qusma, ishal kimi əlamətlərlə özünü göstərir".

O qeyd edib ki, son 2 il ərzində bütün qida məhsullardan zəhərlənmə göstəriciləri demək olar eyni səviyyədə qalıb: "Əgər əvvəllər qida zəhərlənmələri ən çox meyvə-tərəvəzdən idisə, hazırda bütün qidalardan zəhərlənmə faktları qeydə alınır".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi