Yuxarı

Bakıda klinikada ölən uşağa qoyulmuş diaqnozlar açıqlanıb

Tədris Terapevtik Klinikasının direktoru açıqlama verib

Bakı. 11 mart. REPORT.AZ/ Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasının direktoru, professor Surxay Musayev bu səhiyyə ocağında 5 yaşlı uşağın ölüm faktı ilə bağlı açıqlama yayıb. Klinikadan "Report"a verilən məlumata görə, S.Musayev bildirib ki, 5 yaşlı Hövsan sakini Ömər Fətəliyev martın 7-də saat 19:36-da Ə.Qarayev adına 2 saylı Bakı Şəhər Klinik Uşaq Xəstəxanasının reanimasiya şöbəsindən ağır vəziyyətdən Tədris Terapevtik Klinikasına köçürülüb.

O qeyd edib ki, həmin vaxt uşaqda komatoz vəziyyət qeyd olunub, bəbəklərin işığa, bədənin ağrı qıcığına reaksiyası olmayıb: "Uşaq demək olar ki, heç bir fizioloji reflekslərə cavab verməyib, hətta həkimlər tərəfindən zondla qidalandırılırmış. Valideynlərin dediyinə görə, uşaqda martın 4-də bağçadan evə gələn zaman yüksək hərarətlə müşayiət olunan qusma halı baş verib. Anası ilkin tibbi yardım kimi uşağa qızdırma salan “Nurofen” adlı dərman vasitəsi verib. Dərman kömək etmədiyindən, gecə təcili tibbi yardım çağırıblar, onlar uşağa müəyyən köməkliklər ediblər. Martın 5-də uşağın vəziyyəti yaxşılaşmadığı üçün poliklinikaya, oradan da Əmircandakı xəstəxanaya göndərilib. Sonra həkimlər edilən müdaxilələrin yersiz olduğunu başa düşdükləri üçün uşağı 1 saylı Şəhər Klinik Xəstəxanasına göndəriblər. Burda rentgen, USM müayinəsi aparılaraq, heç bir cərrahi problem olmadığı deyilib. Sonra onu Qarayev adına Uşaq Xəstəxanasına gətiriblər. Burada reanimasiya şöbəsinə yerləşdirilib. Bu zaman həkimlər uşaqda yüksək hərarət və onun huşunun alaqaranlıq olduğunu aşkar ediblər. Sabahı gün isə uşaq koma vəziyyətinə düşüb”.

S.Musayev bildirib ki, Qarayev adına Uşaq Xəstəxanasında edilən müdaxilələrin heç bir nəticə vermədiyini görən valideynlər onun Tibb Universitetinin Tədris Terapevtik Klinikasına köçürülməsi üçün müraciət ediblər: “Uşaq reanimasiya şöbəsinə yerləşdirilən zaman onun vəziyyətinin ağırlaşdığı və yaşama şansının çox aşağı olduğu haqda valideynlərinə məlumat verildi. Buna baxmayaraq, valideynləri uşağın Klinikaya qəbul olunması üçün xahiş etdilər. Klinikada həkimlər tərəfindən bütün intensiv reanimasiya tədbirləri görüldü, təcili müayinələr aparıldı. Amma buna baxmayaraq, ayın 9-da saat 7 radələrində uşaq həyatını itirdi”.

Direktor vurğulayıb ki, Klinikada olduğu iki gün müdətində uşağa ensefalit, beyin ödemi, (plevrit və pnevmoniya), sepsis diaqnozu qoyulub. Həmçinin uşaqda poliorqan (qaraciyər, ağciyər və ürək çatışmazlığı) aşkar edilib: "Uşaq eyni zamanda Klinikaya köçürülməzdən əvvəl valideynlərinə Klinikanın Nazirlər Kabinetinin 1 dekabr 2010-cu il tarixli 361S saylı sərəncamına əsasən, özünümaliyyələşdirmə prinsipi ilə (təsərüfat hesablı olduğu) fəaliyyət göstərdiyi bildirilib. Valideynləri bu barədə heç bir problem olmadığını qeyd edərək, müvafiq müqvilə imzalayıblar. Uşağın ölümü ilə əlaqədar valideynlərinə onların qalan borclarının Klinikanın daxili imkanları hesabına ödəniləcəyi haqda da məlumat vermişik”.

S.Musayev onu da qeyd edib ki, qaydalara əsasən, Klinikada ölüm hadisəsi baş verdikdə və ya xəstə evə yazılan zaman borcların olması haqda həmin şəxslərə məlumat verilir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi