Bakıda II Azərbaycan-Alman-Türk Tibb Konqresi başlayıb

Bakıda II Azərbaycan-Alman-Türk Tibb Konqresi başlayıb İsmayıl Alper Coşqun: "Bu gün Azərbaycanın 25 il əvvəl olduğu kimi dəstəyə ehtiyacı yoxdur"
Sağlamlıq
21 Aprel , 2016 17:38
Bakıda II Azərbaycan-Alman-Türk Tibb Konqresi başlayıb

Bakı. 21 aprel. REPORT.AZ/ Bakıda Azərbaycan Almaniya Tibbi Əməkdaşlıq Cəmiyyətinin təşkilatçılığı ilə II Azərbaycan-Alman-Türk Tibb Konqresi öz işinə başlayıb. "Report"un xəbərinə görə, konqresin prezidenti Qurbanxan Müslümov deyib ki, I Azərbaycan-Alman-Türk Tibb Konqresi ötən ilin aprel ayında Almaniyadan, Türkiyədən və İsveçrədən dəvət edilmiş 15-ə yaxın mütəxəsissin iştirakı ilə keçirilib.

O bildirib ki, postsovet və yaxın xaric ölkələri arasında ilk dəfə olaraq bu konqresə Avropanın davamlı tibb təhsili sahəsində məşğul olan mərkəzlər tərəfindən 21 kredit balı verilib: "Builki konqresə Almaniya, Türkiyə və İsveçrənin Universitet Klinikalarından təqribən 20-ə yaxın tibbin müxtəlif sahələrində çalışan, dünyanın tanınmış, qabaqcıl mütəxəsisləri referent və treyner qismində dəvət edilib. Aprelin 24-dək davam edəcək konqresin əsas mövzusu Onkologiyanın, Cərrahiyyənin, Qastroenterologiyanın və Radiologiyanın ən aktual problemləri, müxtəlif xəstəliklərin müalicəsinə ayrı-ayrı peşə sahiblərinin müqayisəli münasibəti və bu gün bu xəstəliklərin müalicəsində dünyanın aparıcı klinikalarda tətbiq olunan qabaqcıl müalicə protokolları və taktikaların müzakirəsidir.

Konqresin gedişində həkim, tələbə və rezidentlər üçün ümumi cərrahiyyə, laparoskopik cərrahiyyə, damar cərrahiyyəsi, endoskopiya, ultrasonoqrafiya və radiologiya sahələrində adi sadə vərdişlərdən tutmuş ən mürəkkəb tibbi prosedurların icra edilməsinə qədər treyninqlər keçirilməsi planlaşdırılır. Bu treninqlər Avropanın və dünyanın qabaqcıl ölkələrində tibb mütəxəsislərin ixtisaslaşması ilə məşğul olmuş ən qabaqcıl texnologiyaların istifadəsi ilə aparılacaq".

Q.Müslümov deyib ki, treninqlərə rəhbərlik Almaniya, İsveçrə və Türkiyədən dəvət edilmiş xarici mütəxəsisslərlə yanaşı Azərbaycanın da bu sahədə təcrübəsi olan yüksək ixtisaslı mütəxəsissləri ilə birlikdə aparılacaq.

Konqresin digər prezidenti Mixael Gebel bu tədbirin təşkilatçısı olmaqdan məmnunluq duyduğunu deyib. O, belə konqreslərin keçirilməsi ilə tibb sahəsinin inkişafıan töhfə verə biləcəklərinə də ümid etdiyini bildirib.

Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun bildirib ki, Türkiyə üçün Azərbaycanın nə dərəcədə önəmli olduğuni deməyə ehtiyac yoxdur: "Azərbaycan böyük bir tarixə, zənginliyə, qədim bəşəri qaynaqlara malikdir. Azərbaycanın inkişafı yalnız Avropa Oyunları, Formula-1 kimi yarışların keçirilməsi ilə ölçülmür".

Səfir deyib ki, bu gün Azərbaycanın 25 il əvvəl olduğu kimi dəstəyə ehtiyacı yoxdur: "Bu gün Azərbaycan özü artıq dəstəkverən bir ölkəyə çevrilib. Bu il müstəqilliyinin 25-ci ildönümündə Azərbaycan Türkiyəyə dəstək ola bilən bir ölkədir. Azərbaycanla işbirliyi önəmli bir nöqtəyə gəlib çatıb. Azərbaycan-Türkiyə iş birliyinin nəticələrı ortadadır".

Son xəbərlər

Orphus sistemi