Bakıda “Həyatına enerji qat!” adlı beynəlxalq elmi-praktiki konfrans keçirilib - FOTO

Bakıda “Həyatına enerji qat!” adlı beynəlxalq elmi-praktiki konfrans keçirilib - FOTO "Sağlam həyat yaşamaq istəyiriksə ilk növbədə ürəyimizin sağlamlığının qeydinə qalmalıyıq"
Sağlamlıq
1 Oktyabr , 2016 14:03
Bakıda “Həyatına enerji qat!” adlı beynəlxalq elmi-praktiki konfrans keçirilib - FOTO

Bakı. 1 oktyabr. REPORT.AZ/ Bakıda Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyəti (AÜDCC) Səhiyyə Nazirliyi ilə birgə “Həyatına enerji qat!” adlı beynəlxalq elmi-praktiki konfrans keçirib.

“Report”un məlumatına görə, konfransda ölkədə fəaliyyət göstərən bütün dövlət və özəl klinikaların kardiologiya və ürək-damar cərrahiyyəsi sahəsində çalışan mütəxəssislər iştirak ediblər.

Mərkəzi Klinik Xəstəxananın baş həkimi, Cəmiyyətin sədri Kamran Musayev bildirib ki, ürək sağlamlığının qorunmasında ilk növbədə insanlar özləri məsuliyyət daşımalıdır. O, insanları aktiv həyat sürməyə səsləyib: “Sağlam ürək sağlam həyat deməkdir. Sağlam həyat yaşamaq istəyiriksə ilk növbədə ürəyimizin sağlamlığının qeydinə qalmalıyıq. Bunun üçün isə aktiv həyat tərzində yaşamaq, sağlam qidalanmaq və idmanla məşğul olmaq vacibdir”.

K. Musayev onu da qeyd edib ki, ürək-damar xəstəlikıərinin bir çoxunun qarşısı alına biləndir: "Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən ölümə səbəb bu xəstəliklərin 3/4 hissəsinin qarşısını almaq mümkündür. Bunun üçün insanların həyat tərzlərində müəyyən dəyişiklik etmələri kifayətdir. Son 15 ildə Azərbaycanda kordiologiya və ürək-damar cərrahiyyəsi sahəsində ciddi dəyişikliklər edilib. Bu gün Bakı və regionlarda mürəkkəb ürək-damar əməliyyatları uğurla icra olunur. Lakin bununla kifayətlənməməli, bu sahə üzrə müəyyən işlər görülməlidir".

Deputat Qənirə Paşayeva qeyd edib ki, Azərbaycanda ürək-damar xəstəliklərin ilk sırada qərarlaşması cəmiyyəti düşündürən məsələ olmalıdır: "İnsanlar dərman və həkimlərdən savayı, öz həyat tərzlərini dəyişməyə səy göstərməlidir. Bu xəstəliyin yaranmasına səbəb olan siqaret əleyhinə kampaniyalar mütəmadi şəkildə aparılmalıdır. Təəssüf ki, hələ də ictimai yerlərdə siqaret çəkilməsinin qarşısını ala biləcək qanun layihəsini qəbul edə bilməmişik. Ümid edirəm ki, belə bir qanun layihəsinin qəbulundan sonra bu tip xəstəliklərin nisbətən də olsa qarşısını almağa müvəffəq olacağıq".

Tədbir mövzu ətrafında fikir mübadiləsi ilə davam edib.

Son xəbərlər

Orphus sistemi