Azərbaycanlı həkim Gürcüstan Radioloqlar Assosiasiyasının mükafatına layiq görülüb

Azərbaycanlı həkim Gürcüstan Radioloqlar Assosiasiyasının mükafatına layiq görülüb Tbilisidə Radioloqların IV Beynəlxalq Konqresi keçirilib
Sağlamlıq
7 May , 2016 16:36
Azərbaycanlı həkim Gürcüstan Radioloqlar Assosiasiyasının mükafatına layiq görülüb

Tbilisi. 7 may. REPORT. AZ/ Tbilisidə Radioloqların IV Beynəlxalq Konqresi keçirilib. "Report" xəbər verir ki, konqresdə Azərbaycan Həkimlərin Təkmilləşdirilməsi İnstitutunun dosenti, həkim-radioloq Yunis Əfəndiyev Gürcüstan Radioloqları Assosiasiyasının üzvü seçilib və bu qurumun diplomuna layiq görülüb.

Konqresdə radiologiya elmi sahəsində qazanılmış uğurlar, radioloji diaqnostika, müalicə və bu sahədə mövcud problemlər barədə məruzələr dinlənilib, təcrübə mübadiləsi aparılıb.

Y.Əfəndiyev konqresdə çıxış edərək Azərbaycanda dövlətin səhiyyənin inkişafına xüsusi diqqət və qayğı göstərdiyini diqqətə çatdırıb, tibdə, xüsusən də radiologiya sahəsində tətbiq olunan yeniliklər və əldə olunmuş uğurlar barədə məlumat verib. Bildirilib ki, dövlətin diqqət və qayğısı nəticəsində bu gün Azərbaycanda kompüter tomoqrafiyası (KT) və maqnit rezonans tomoqrafiyası (MRT) vasitəsilə insanlar ciddi müayinə olunur və bunun nəticəsində düzgün müalicə alırlar. Bu da bəzi xəstəliklərin profilaktikasında mühüm nəticələr əldə olunmasına imkan yaradır. Bu gün Azərbaycanda 80-ə yaxın KT, 50-yə yaxın MRT müayinə vasitəsi var. Alimin məruzəsi yüksək qiymətləndirilib, gürcü, türk və digər avropalı həkim radioloqlar Azərbaycanın təcrübəsinə maraq göstəriblər.

Günün ikinci yarısında Y.Əfəndiyev “Nadir radioloji sindrom” xəstəliyinin radioloji müayinəsi ilə bağlı təqdimatla çıxış edib. Həkim-radioloqun təklif etdiyi metod və metodologiya da iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Y.Əfəndiyev "Report"a müsahibəsində deyib ki, Azərbaycan radiologiya sahəsində bir sıra nailiyyətlər əldə edib. 2001-ci ildə ölkəmizdə bir KT mütəxəssisi və bir aparat var idisə, bu gün belə kompüterlərin sayı 80-ə, mütəxəssislərin sayı isə daha çoxdur. Eləcə də MRT üzrə aparat və mütəxəssislərimizin sayı çoxalıb. Bütün bunlar ölkəmizdə dövlətimizin səhiyyənin, xüsusən də radiologiyanın inkişafına diqqət və qayğısının nəticəsidir.

O bildirib ki, Cənubi Qafqazda ilk dəfə yalnız Azərbaycanda Pozitron Emission Tomoqrafiya aparatından istifadə olunur və bu sahədə də çox savadlı, bacarıqlı həkimlərimiz var.

Son xəbərlər

Orphus sistemi