Azərbaycanın səhiyyə naziri ÜST Assambleyasının 68-cı sessiyasında iştirak edib

Azərbaycanın səhiyyə naziri ÜST Assambleyasının 68-cı sessiyasında iştirak edib ÜST-nin baş direktoru: "Azərbaycan son zamanlar infeksiyalara qarşı mübarizə fəaliyyətlərində müstəsna xidmətlər göstərir"
Sağlamlıq
27 May , 2015 20:20
Azərbaycanın səhiyyə naziri ÜST Assambleyasının 68-cı sessiyasında iştirak edib

Bakı. 27 may. REPORT.AZ/ Səhiyyə naziri Oqtay Şirəliyev və nümayəndə heyəti İsveçrə Konfederasiyasının Cenevrə şəhərində keçirilən Ümumdünya Səhiyyə Assambleyasının 68-cı sessiyasında iştirak ediblər. Nazirlikdən "Report"a verilən xəbərə görə, sessiyanın açılış mərasimində Almaniyanın federal kansleri Angela Merkel məruzəçi qismində çıxış edib.

O, məruzəsində yeni təzahür edən Ebola virusuna qarşı inkişaf etmiş ölkələrin maliyyə və texniki yardımı, səhiyyə sistemlərinin təkmilləşdirilməsi, qlobal dünyada bütün insanların səhiyyə xidmətlərinə hüququnu, beynəlxalq təşkilatlarla məhsuldar əməkdaşlığın nəticələrindən danışıb.

Hər il olduğu kimi, 68-ci sessiyada da Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Marqaret Çan hesabat məruzəsi ilə çıxış edib. O, öz məruzəsində təşkilatın son illərdə qazandığı nailiyyətlərdən, infeksion xəstəliklərə qarşı effektiv mübarizə metodlarının tətbiqindən, geniş masştablı immunizasiya tədbirlərindən, Minilliyin inkişaf məqsədlərində səhiyyəyə aid hədəflərin təyini və onlara nail olmaqdan, AİDS-lə mübarizə metodlarından və antiretroviral müalicənin geniş tətbiq edilməsindən, digər beynəlxalq təşkilatlarla məhsuldar əməkdaşlığın nəticələrindən, bir sıra infeksiyaların tamamilə ləğv edilməsindən söz açıb.

Sessiya ərəfəsində nümayəndə heyəti başda O. Şirəliyev olmaqla bir sıra əhəmiyyətli görüşlər keçirib. Belə görüşlərdən biri ÜST baş direktoru Marqaret Çanla baş tutub. Görüşdə dünyada baş verən Ebola virusuna qarşı mübarizə və hazırlıq tədbirləri, infeksion xəstəliklərin trans milli sərhədlərdən yayılması və ÜST ekspertlərinin bu sahədə qazandığı müsbət təcrübə məsələləri müzakirə olunub.

Azərbaycan tərəfi də öz növbəsində ölkəmizdə bu infeksiyaya qarşı aparılan çevik hazırlıq tədbirlərindən, kifayət qədər xəstəxana çarpayı və müvafiq müalicə ehtiyatının olması haqqında baş direktora təfsilatı ilə məlumat verib.

M.Çan Azərbaycanın son zamanlar bir sıra beynəlxalq tədbirlərin keçirilməsi üçün ev sahibliyi etdiyini təqdirlə vurğulayaraq, eyni zamanda, tədbirlərin təhlükəsizliyinin təmini və infeksiyalara qarşı mübarizə fəaliyyətlərinin müstəsna əhəmiyyətini qeyd edib.

Son xəbərlər

Orphus sistemi