Azərbaycanda şəkərli diabet xəstəsi üzərində mürəkkəb əməliyyat icra olunub

Azərbaycanda şəkərli diabet xəstəsi üzərində mürəkkəb əməliyyat icra olunub Hazırda xəstəyə arteriya daxili gündəlik inyeksiyalar vurulur, yara təmizlənir
Sağlamlıq
23 Yanvar , 2017 15:26
Azərbaycanda şəkərli diabet xəstəsi üzərində mürəkkəb əməliyyat icra olunub

Bakı. 23 yanvar. REPORT.AZ/ Azərbaycanda şəkərli diabet xəstəsi üzərində mürəkkəb əməliyyat uğurla tamamlanıb.

Bu barədə “Report”a Azərbaycan Tibb Universitetinin (ATU) mətbuat xidmətindən bildirilib.

51 yaşlı xəstə kişini ATU-nun Tədris Cərrahiyyə Klinikasında əməliyyat olunduqdan sonra ölümdən qaytarmaq mümkün olub.

Klinikanın ümümi cərrah-transplantoloqu Sadiq Həmzəyev deyib ki, şəkərli diabeti olan xəstə kişi sol ayağın total fleqmonası – absesi ilə klinikaya müraciət edib: “Uzun müddət şəkərli diabeti olan bu xəstə travmadan sonra ayağında ağrılar başlayıb. İki həftə müalicə alsa da, ayaqda tam hərəkətsizlik, şişkinlik, qızdırma olub. Klinikada xəstəyə sol aşağı ətrafda total nekrozlaşma-abses diaqnozu təyin edilib. Ayaqda geniş kəsiklər aparılıb, nekrotik toxumalar təmizlənib, 2 litrə yaxın irinli nekrotik kütlə təmizlənib. Diz oynağında, oynaqdaxili nekrotik kütlə təmizləndikdən sonra bütün yerlərdə yaralar drenaj edilib”.

Həkimin sözlərinə görə, ilk olaraq belə ağır xəstələri sepsisdən - ölümdən xilas etmək vəzifəsi öndə dayanır: “Daha sonra ayağı amputasiyadan qorumaq, növbəti mərhələdə isə ətrafın dayaq-hərəkət funksiyasının maksimum qorunması vəzifəsi vacibdir. Biz artıq ilk iki vəzifəni yerinə yetirmişik. İndi ətrafın maksimum dayaq-hərəkət funksiyasının saxlanılmasına çalışırıq. Hazırda xəstəyə arteriya daxili gündəlik inyeksiyalar vurulur, yara təmizlənir”.

S.Həmzəyev bildirir ki, bu cür ağır xəstəliklər zamanı bəzən ətrafın (ayağın) itirilməsi və ölüm halları baş verir: “Əksər hallarda xəstənin səhlənkarlığı, diaqnozun vaxtında təyin edilməməsi, erkən adekvat müalicənin aparılmaması bu cür gecikmiş ağır fəsadların yaranmasına gətirib çıxarır. Belə hallarda xəstənin yeganə xilası - radikal geniş kəsiklərin aparılması, nekrotik toxumaların təmizlənməsi, həssas antibiotiklərin dezintoksikasiyası və bədənin gücləndirilməsindən, ətrafın gündəlik sanasiyası tədbirlərindən asılıdır. Şəkərli diabet xəstələri pəhrizin saxlamalı, qanda şəkərin səviyyəsini tənzimləməli, aktiv həyat tərzi keçirməli və vaxtaşırı müalicə almalıdırlar”.

S.Həmzəyev qeyd edir ki, son zamanlarda qida məhsullarının keyfiyyətinin pis olması belə xəstələrin sayının artmasına şərait yaradır.

Son xəbərlər

Orphus sistemi