Yuxarı
    Bağlamaq

    Azərbaycanda iki ailədə nadir tapılan xəstəlik müşahidə olunub

    İsax Mustafayev: Bu sindrom uşaqlıq yaşından başlayaraq özünü büruzə verə bilər

    Bakı. 22 fevral. REPORT.AZ/ “Azərbaycanda iki ailədə bruqada sindromu (qəfləti ürək dayanması) müşahidə olunub”. 

    “Report” xəbər verir ki, bunu Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Terapiya kafedrasının müdir əvəzi İsax Mustafayev deyib.

    Onun sözlərinə görə, nadir rast gəlinən xəstəliklərdən və patologiyalardan biri də bruqada sindromudur: “Bu sindrom genetik olaraq nəsildən-nəsilə keçərək müxtəlif həyati təhlükə aritmiyaları törədə bilir. Aritmiyalar ürək dayanması ilə bərabər qəfləti ölümə gətirib çıxara bilər. Azərbaycanda iki belə ailə olub. 18 yaşında gənc qız çox ağır bayılma epizodu ilə bizə müraciət etmişdi. Həmin qızda kliniki və laborator müayinələrdə patologiya aşkar olunmayıb, yəni bayılma baş verdikdən sonra tez müddətə ayıldığı üçün ailəyə qorxulu bir şey olmadığı ilə bağlı təsəlli verdim. Atası ciddi şəkildə xəbərdarlıq etdi ki, onun həyat yoldaşı 45 yaşında yuxuda ürəyi dayanaraq dünyasını dəyişib. Ötən il isə oğlu 17 yaşında eyni səbəbdən vəfat edib. Qızın təkrar ürək elektrokardioqramasına baxanda sindromun göstəricilərini müşahidə etdik”.

    İ.Mustafayev qeyd edib ki, bruqada sindromu ürəkdə heç bir struktur patologiyası olmayan insanlarda müşahidə olunan anadangəlmə kanalopatiyadır, autosom-dominant tip irsiyyətlə örtürülür: “Sindromun yayılmasının həqiqi göstəriciləri məlum deyil. Amma ümumi məlumatlara əsasən Uzaq Şərqdə və Cənubi Şərqi Asiyada bu sindrom daha çox yayılıb. Müasir məlumatlara görə, bruqada sindromu izaholunmaz qəfləti ölümlərin 4-12 faizini təşkil edir. Strukturu normal ürəkdə baş verən qəfləti ölümün isə 20 faizinin əsas səbəbi bu sindromdur. Kişilərdə qadınlara nisbətən bu sindroma yoluxma 8-10 dəfə çox olur. Sindrom olan xəstələrdə dərman müalicəsindən geniş istifadə olunmur. Çünki bu patalogiya zamanı ölümü ciddi azaldan dərman preparatı hələlik icad olunmayıb". 

    Mütəxəssis vurğulayıb ki, sindromun aradan götürülməsi üçün ən effektiv metod elektroimpuls terapiyası (EİT) hesab edilir: "Əgər xəstənin anamnezində (xəstəliyin tarixçəsi) qəfləti ölüm halı olubsa və ya tez-tez bayılmalar olursa, ona mütləq şəkildə implanta olunan kardivertor deffibulyator (İSD) aparatı qoşulmalıdır. Bu müalicə üsulu Azərbaycanda uğurla icra olunur. Həmin qız müvafiq aparata qoşulduqdan sonra ölüm halı baş vermədi. Bu sindrom uşaqlıq yaşından başlayaraq özünü büruzə verə bilər. Müalicə olunmadıqda xəstə 30-40 yaşlarında ölə bilər”.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi