Yuxarı
    Bağlamaq

    Azərbaycanda dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətləri tənzimlənmədən satışı qadağan edilib

    Bu tələblərin pozulmasına görə fiziki şəxslərin lisenziyası lisenziya verən orqan tərəfindən 6 ayadək dayandırılacaq

    Bakı.14 oktyabr. REPORT.AZ/ Azərbaycada dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətləri tənzimlənmədən satışı və ya tənzimlənən qiymətlərdən fərqli qiymətlərlə satılması qadağan edilib.

    "Report"un xəbərinə görə, “Dərman vasitələri haqqında” qanununa dəyişiklik layihəsi Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.

    Qanunun 4-cü maddəsinə edilən əlavəyə görə, dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətləri tənzimlənmədən satışı və ya tənzimlənən qiymətlərdən fərqli qiymətlərlə satılması (dövlət satınalmaları zamanı və ya tibb müəssisələrinə təklif edilən topdansatış qiymətlərdən aşağı qiymətlər istisna olmaqla) qadağan edilir.

    Bu tələblərin pozulmasına görə 1 il ərzində 3 dəfə məsuliyyətə cəlb olunmuş hüquq və fiziki şəxslərin lisenziyası “Lisenziyalar və icazələr haqqında” qanuna uyğun olaraq, lisenziya verən orqan tərəfindən 6 ayadək dayandırılacaq.

    Qanunun 16-cı maddəsinə edilən əlavəyə görə isə, dərman vasitələrinin istehsalçıları, xarici istehsalçıların yerli nümayəndəlikləri (filialları) və ya onların müvəkkil etdikləri şəxslər dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi məqsədi ilə bəyannamələri, hesabat sənədlərini və zərurui məlumatları müvafiq icra hakimiyyəti orqanına təqdim etməyə borcludur.

    Dəyişiklik layihəsi səsə qoyularaq qəbul edilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi